Türkiyənin "Qalatasaray" klubu "Türk Hava Yolları" (THY) şirkəti ilə tərəfdaşlıq müqaviləsinin müddətini uzadıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 2020/2021 mövsümündə də avrokubok matçlarına üzərində THY-nin loqosu olan forma ilə çıxacaq.
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Neftçi" ilə oyunu "sarı-qırmızılılar" üçün bu mənada ilk olacaq. Komanda bu mövsüm ilk dəfə meydanda sözügedən forma ilə mübarizə aparacaq.
Maraqlıdır ki, "Türk Hava Yolları" "Neftçi" ilə də əməkdaşlıq edir. Bu isə o deməkdir ki, hər iki komanda bu gün üzərində THY yazılmış formalarla oynayacaq.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.