"Legiya"nın futbolçularında qorxu və inamsızlıq var idi. "Qarabağ" isə ilk dəqiqələrdən sonadək nə etmək istədiyini çox gözəl bilirdi. Onlar rəqibə oynamağa imkan vermədilər. Meydan sahibləri standart vəziyyətlər zamanı heç bir təhlükə yarada bilmədilər. Qonaqlar isə bütün göstəricilərdə üstün tərəf idi".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sı ilə Azərbaycan çempionu arasında baş tutan matçı şərh edərkən deyib.
Hazırda Plotsk "Visla"sında çıxış edən 33 yaşlı müdafiəçi bildirib ki, Ağdam klubu bu görüşdə yüksək texnika nümayiş etdirdi: "Görünür, biz "Legiya" imicini liqa matçları əsasında formalaşdırmışıq. Bu komanda Polşa çempionatında güclü görünür. Bu matç isə reallıqla üzləşmə idi. Futbolçuların meydana niyə inamsız çıxdıqlarını bilmirəm. Çünki komandanın daxilində deyiləm".
Polşalı futbolçu "Legiya"nın futbolçularının "Qarabağ"a ciddi yanaşmadıqlarını söyləyib: "Məncə, problem düşüncə ilə bağlıdır. Yəqin, rəqibin gücünü düzgün qiymətləndirməyiblər. "Qarabağ" daha yaxşı futbol oynadı. Əla oyunçuları var. Oyun üslublarına gəlincə, mən bunu gözləyirdim. Topu özlərində çox saxlayırlar. Qapıçının topu hücumçulara necə ötürdüyünü gördünüz"?
Jezniçak matçdan əvvəl "Legiya"nın futbolçusu Matsey Kşimenin ona zəng vurduğunu deyib: "Rəqiblə bağlı məlumat istədi. Mən də öz növbəmdə ona bəzi məsləhətlər verdim. Rəqibin təhlükəli oyunçuları barədə danışdım. Qeyd etdiyim futbolçulardan "Legiya"ya qol vurdu".
Müdafiəçi "Qarabağ"ın böyük komanda olduğunu vurğulayıb: "Karyeramı izləyənlər bu komandanın bir çox oyununu görüblər. Bilirlər ki, "Qarabağ" baxımlı futbol sərgiləyir. Bunu dəfələrlə avrokubok matçlarında göstəriblər. Komandanın ən üstün cəhəti sabitlik, uzun müddət hazırkı baş məşqçinin rəhbərliyi altında oynaması və fəlsəfəsidir. Hamı meydanda nə edəcəyini, necə oynayacağını yaxşı bilir".
Qeyd edək ki, Varşavadakı matçda 3:0 hesabı ilə qalib gələn "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.