UEFA Serbiyanın "Srvena Zvezda" klubunu 2014-2015-ci il mövsümünün Çempionlar Liqası iştirakçıları sırasından kənarlaşdırıb. Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, belə sərt qərara klubun maliyyə "fair-play"ini pozması səbəb olub.
"Srvena Zvezda" 2013-2014-cü il mövsümündə Serbiya çempionu olub. İndi onu ikinci pilləni tutmuş "Partizan"ın əvəzləyəcəyi istisna deyil.
Bundan əlavə, UEFA Serbiya Futbol Assosiasiyasını da "Srvena Zvezda"ya qeyri-qanuni lisenziya verdiyi üçün cəzalandıra bilər. İndi klubun İdman Arbitraj Məhkəməsinə şikayət etmək üçün 10 günü var.
Qeyd edək ki, "Srvena Zvezda" yeni mövsümdən Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlamalı idi. Klub Azərbaycan çempionu "Qarabağ"la birgə səpələnmişlər sırasında idi.