"Sloveniya ilə yoldaşlıq matçı yalnız oyunçularının hansı səviyyədə olmasını görmək üçündür. Həmçinin, hər hansı rəsmi görüşə hazırlıq xarakteri daşıyır. Baş məşqçinin siyahısına baxsaq, düşünmək olar ki, bu qarşılaşmada milliyə çağırdığı yeni oyunçulara şans verəcək".
Sportnet.az xəbər verir ki, vu fikirləri "Report"a açıqlamasında AFFA-nın məşqçi kurslarının maarifləndirmə üzrə direktoru Aslan Kərimov Azərbaycan millisinin Sloveniya ilə bu gün keçirəcəyi yoldaşlıq oyunu barədə danışarkən deyib.
47 yaşlı mütəxəssis bildirib ki, bu oyun yorğunluq baxımından futbolçulara mənfi təsir göstərməyəcək: "Oyundan sonra futbolçuların bərpası üçün 48-72 saat vaxt lazımdır. Aradakı fərq oyunçuların hazırlıq səviyyəsi ilə əlaqədardır. İl ərzində 55-60 oyun keçirirsənsə, bu, sadəcə, ümumi yorğunluq ola bilər. Amma pandemiyadan sonra elə də çox matç olmayıb. Bu mənada yorğunluq olacağını düşünmürəm. Digər tərəfdən, baş məşqçinin əsas futbolçuları 90 dəqiqə oynadacağını düşünmürəm. Əsasən, ehtiyatda qalanlara şans verilə bilər".
Veteran futbolçu yığmanın UEFA Millətlər Liqasında noyabrın 14-də Monteneqro, bundan 3 gün sonra isə Lüksemburqla oynayacağı matçlara da toxunub: "Qrupda bütün komandalarla qarşılaşmışıq. Turnirdən öncə Monteneqronun favorit olması görünürdü. Bu gün lider Lüksemburq olsa da, sonda ilk pilləni əldən verəcəklərini düşünürəm. Yəni, qrupdan Monteneqro çıxacaq. Rəqibin heyətində Avropanın güclü çempionatlarında oynayan futbolçular var. Oyuna gəlincə, yığmamız qələbə qazana bilər. Amma təbii ki, çox çətin görünür. Lüksemburqla matç soyuq vaxta təsadüf edəcək. Bu komanda öz meydanındakı bütün qarşılaşmaları çox yaxşı keçirir".
Millinin qrupdan çıxma şanslarını dəyərləndirən Kərimov bunun çox çətin olduğunu etiraf edib: "İnandırıcı deməyək, amma çox çətindir. Çünki futbolda hər şey ola bilər. Qrupda birinci olmaq üçün hər iki oyunu qələbə ilə başa vurub, əsas rəqiblərin uduzmasını gözləməliyik. Lakin bunun öhdəsindən gəlmək olduqca ağır məsələdir. Onsuz da bu qrupdan çıxası deyildik. Bu, baş versəydi belə, dünya çempionatına vəsiqə qazana bilməyəcəkdik. Bu, 8 komandalı çempionatla real görünmür. Bunlar, bizim üçün sadəcə, yoldaşlıq oyunları idi. Amma D Liqasında olarkən bu şansı əldən vermişdik".
Yığmanın baş məşqçisi Canni De Byazinin işinə qiymət verən keçmiş yarımmüdafiəçi italiyalı mütəxəssisin mənfi və müsbət tərəflərinin olduğunu vurğulayıb: "Adətən, baş məşqçilərin işinə nəticələrə görə qiymət verirlər. Əslində ona yaxşı və ya pis deməyim düzgün olmaz. Çünki De Byazi Albaniya millisi ilə onların tarixində olmayan bir nəticəyə imza atıb. Yəni, öz üslubu və təcrübəsi var. Bu baxımdan onu Azərbaycan yığmasında çalışmış digər mütəxəssislərdən fərqləndirmək olar. Oyun üslubunu saxlamağa çalışan, müdafiəmeylli oyuna üstünlük verən, matçın içində aqressivliyi xoşlayan baş məşqçidir. Azərbaycanda milliyə çağırmadığı oyunçu qalmayıb. Ən azından onu ittiham edə bilməyəcəklər ki, niyə filan futbolçuya dəvət göndərməmisən. De Byazinin bəlkə də zəif tərəfi oyunçuları tam yaxından tanıya bilməməsidir. Çünki digərlərindən fərqli, Azərbaycana gəldiyi andan komandanı oyunlara çıxardı. Bunu baş məşqçi üçün bir qədər bəxtsizlik də adlandırmaq olar".
De Byazinin gəlişindən sonra Dmitri Nazarov, Eddi İsrafilov, Rüfət Dadaşov, Riçard Almeyda kimi legioner futbolçuların milliyə çağırılmamasına münasibət bildirən Kərimov bunu da hazırkı baş məşqçinin fərqli cəhəti kimi təqdim edib: "Açığı, onların dəvət olunmamasının səbəbini tam olaraq bilmirəm. Yalnız şayiələr gəzir ki, pandemiyadan öncə həmin futbolçulara zəng vurublar, amma gəlməyiblər. Bəlkə də başqa səbəblər var idi. Məndə bu barədə məlumat yoxdur. Amma oyunçu naz edirsə, gəlməmək üçün hansısa şərt qoyursa, onda De Byazinin addımı tam doğrudur. Həmin legioner gəlsəydi, nə dəyişəcəkdi ki?! Bəlkə hər hansı oyunda performansımız yüksək olacaqdı. Lakin belədə hansısa gənc futbolçunu qazandıq. Milli komanda səviyyəsində kiminsə nazı ilə oynamaq düzgün deyil. İstəsəydilər, gələ bilərdilər. Kimsə milli komandanın maraqlarını düşünmür və öz mənafeyini güdürsə, onu çağırmağın mənası yoxdur".