
"Maraqlı oyun oldu, komandamız matça yaxşı hazırlaşmışdı. Düşünürəm ki, rəqibdən daha üstün oynadıq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının XI turunda evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
55 yaşlı mütəxxəssis bildirib ki, komandası ikinci hissədə azlıqda qalsa da, xarakter göstərib: "İlk 19 dəqiqədə artıq 4 sarı vərəqə var idi və düşünürdüm ki, "qırmızı" olacaq. Dörd futbolçumuz koronavirusa görə oyunu buraxdı. Hakim səhvləri qələbəmizin qarşısını aldı".
Hüseynov Alvaro Tavares və Artur Batistanın göndərilməsinin səbəbini açıqlayıb: "Hər iki futbolçu ilə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Komandamıza uyğun olmadılar və getdilər".
Baş məşqçi matçın 86-cı dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulan İlkin Qırtımovla danışacağını söyləyib: "Komandamızın xüsusi kodeksi var. Hər bir futbolçu bunu oxuyub və qol çəkib. Cərimə nədirsə, onu da ödəyəcək".