"Neftçi" komandasında koronavirusa yoluxan futbolçuların hamısı sağalıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun baş həkimi Şaiq Zöhrablı "Neftçi" TV-yə müsahibəsində açıqlama verib. O bildirib ki, hazırda COVID-19-a yoluxan və müalicədə olan oyunçuları yoxdur.
Baş həkim Stiven Monrozun zədəsini bərpa edərək kollektiv məşqlərə qoşulduğunu diqqətə çatdırıb: "Monrozda əməliyyatdan sonra yırtıq aşkarlanmışdı. Ona görə uzunmüddətli müalicə və xırda cərrahi prosedurlara məruz qaldı. Hazırda vəziyyəti sabitdir, kollektiv məşqlərə qoşulub, tam nəzarətindədir, bütün müalicə və prosedurlarda iştirak edir, ciddi narahatlığı yoxdur. Onun oyunlara nə zaman hazır olacağını indidən dəqiq demək olmaz. Bu, hazırlıq prosesindən sonra tam dəqiqləşəcək. Digər futbolçuların sağlıq durumları qaydasındadır".
Hazırda təlim-məşq toplanışında olan "Neftçi" hər gün bir və ya iki dəfə hazırlıq keçdiyini söyləyib. Baş həkim qarşıdakı günlərdə tibbi cəhətdən narahatlıq doğuran futbolçularının olmadığını da diqqətə çatdırıb. Legionerlərin vətənlərindən qayıtdıqdan sonra COVID-19 testi verdiklərini və indiyədək heç bir simptoma rast gəlinmədiyini vurğulayıb.
COVID-19 infeksiyasından sonra bir neçə futbolçuda zəifləmə halının baş verdiyini deyən Zöhrablı belələrinə misal olaraq, Fəhmin Muradbəylini göstərib. O, Muradbəylinin bərpa prosesinin daha uyğun getməsinə çalışdıqlarını söyləyib: "Bu xəstəlik elədir ki, qanın realogiyasındakı dəyişikliklə əlaqədar futbolçuda həddindən artıq yüklənmələr zamanı yorğunluq baş verir. Hazırda həmin dövr arxada qalıb və futbolçularımızda belə bir narahatlıq yoxdur".