
Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski karyerasında 500-cü qolu vurub.
Sportnet.az-ın məlumatına görə, 32 yaşlı hücumçu buna Bundesliqada XVIII turun "Şalke" ilə səfər matçında nail olub. Gelzenkirhendəki "Feltins Arena"da keçirilmiş qarşılaşma Münhen komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Levandovski 54-cü dəqiqədə fərqlənib. Digər qolları 33-cü və 88-ci dəqiqələrdə Tomas Müller, 90-cı dəqiqədə isə David Alaba vurub.
Qeyd edək ki, Robert Levandovski Polşa yığmasındakı çıxışları da nəzərə alınmaqla, karyerası ərzində 730 matça çıxıb. O, Dortmund "Borussiya"sı, Polşanın "Lex" və "Zniç" komandalarının da formasını geyinib. Təcrübəli forvard millidə 116 oyuna 63 qol vurub.