
"Kubok matçları həmişə təhlükəli olur. 1/8 final mərhələsi bir oyundan ibarət olduğundan, görüşə məsuliyyətlə hazırlaşmış, Elnur Cəfərov, Orxan Əliyev, Elvin Sərkərov, Kamil Hüseynov, Əlibəy Məmmədli kimi təcrübəli oyunçulara malik rəqibi çox ciddiyə almışdıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Qaradağ Lökbatan"a 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final oyunundan sonra mətbuat konfransında deyib. 39 yaşlı mütəxəssis ilk yarıda vurduqları qolların qələbədə mühüm rol oynadığını bildirib: "Oyunun əvvəllərində hesabı açaraq, fasiləyədək fərqi get-gedə böyütdükdən sonra inamlı qələbə qazandıq. Hesab bizə imkan yaratdı ki, ikinci hissədə daha gənc futbolçularımıza şans verək. Heyətdə bəzi rotasiyalar etmişdik. Sevindirici haldır ki, bizim üçün lazım olan qələbəni qazandıq".
Sadıqov komandasını qarşıda "Neftçi" ilə vacib və çox maraqlı 1/4 final oyunlarının gözlədiyini açıqlayıb: "Hazırda rəqib Premyer Liqada favoritdir, birinci yerdə gedir. Biz də oyuna yaxşı köklənəcək, ciddi hazırlaşacağıq. Təbii ki, 1/4 finalda "Neftçi" və ya "Qarabağ" kimi komandalarla qarşılaşmaq istəməzsən. Amma püşkü biz seçmirik. Düşünürəm ki, azarkeşlər üçün iki maraqlı oyun olacaq".
Baş məşqçinin fikrincə, istənilən komandanın həm Premyer Liqa, həm də Azərbaycan Kubokunda mübarizə aparmasından ötrü daha geniş heyəti olmalıdır"1/4 final oyunları çempionatın ikinci yarısı başlamamış keçiriləcək. Bu, böyük üstünlükdür. Sadəcə, yarımfinala yüksələn komandalarda iki həftəlik əlavə sıx qrafik olacaq. Bu, növbəti mərhələni adlayanların işini bir qədər yüngülləşdirəcək. Halbuki əvvəlki illərdə 1/4 final oyunları da çempionat qarşılaşmalarının arasında olurdu. Həmin vaxt bir qədər çətin dövr keçirirdin".
Qeyd edək ki, "Zirə" "Neftçi" ilə ilk oyununu 1-2 fevralda səfərdə, cavab görüşünü isə 6-7 fevralda öz meydanında keçirəcək.