Futbol üzrə Azərbaycan milli komandasının baş məqçisi Canni De Byazi Polşa yığmasından təklif aldığına dair xəbərlərə növbəti dəfə reaksiya verib.
Sportnet.az-ın məlumatına görə, 65 yaşlı mütəxəssis "Sport.se" nəşrinə açıqlamasında onunla heç kimin əlaqə saxlamadığını bildirib.
De Byazi Polşa seçməsinin baş məşqçisi təyin edilən Paulu Souzanı bəyəndiyini, lakin onun baş məşqçi kimi işini elə də çox izləmədiyini diqqətə çatdırıb: "Souza bir neçə il əvvəl "Fiorentina"ya rəhbərlik edirdi. Onun haqqında başqa nələr deyəcəyimi bilmirəm. Yeji Brjeçekin istefasından sonra Polşa Futbol Assosiasiyasından heç kim mənimlə əlaqə saxlamayıb. Polşadan mənə yalnız jurnalistlər zəng edirdi. Başqa heç kiminlə bu barədə danışıq aparılmayıb".
Qeyd edək ki, Canni De Byazinin Azərbaycan millisi ilə müqaviləsi 2022-nin yayında başa çatacaq. İtaliyalı mütəxəssis daha əvvəl də Polşa millisindən təklif aldığına dair xəbərləri təkzib edib.