Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Neftçi" "Bakcell Arena"da "Keşlə" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Matç erkən qolla başlayıb. Namik Ələskərov 6-cı dəqiqədə hesabı açıb. 19-cu dəqiqədə Ömər Buludov fərqi 2 topa çatdırıb. İlk hissə "Neftçi"nin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
62-ci dəqiqədə "Keşlə"nin məşqçisi Azər Bağırov baş hakim Rauf Cabbarovun qərarına etiraz etdiyi üçün qırmızı vərəqə görərək texniki zonadan qovulub. Bundan 2 dəqiqə sonra isə flaqman daha bir qol vurub. Penaltidən fərqlənən Ələskərov dublunu rəsmiləşdirib.
82-ci dəqiqədə "Keşlə"dən Azər Salahlı buraxılan qollardan birinin əvəzini çıxıb. Lakin qonaqların gücü bundan artığına çatmayıb.
Bu qələbədən sonra xallarını 39-a çatdıran "Neftçi" liderliyini möhkəmlədib. "Keşlə" isə 16 xalla 7-ci pillədə qalıb.
Qeyd edək ki, turun açılış oyununda "Sabah" evdə "Sumqayıt"la qollu heç-heçə edib - 1:1. Tura sabah oynanılacaq "Qəbələ" - "Səbail" və "Zirə" - "Qarabağ" qarşılaşmaları ilə yekun vurulacaq.
-------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib. Sportnet.az-ın məlumatına görə, turun açılış oyununda "Sabah" "Bank Respublika Arena"da "Sumqayıt"ı qəbul edib.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş heç-heçə ilə yekunlaşıb - 1:1. Hesabı 34-cü dəqiqədə meydan sahiblərinin cinah oyunçusu Təmkin Xəlilzadə açıb. 70-ci dəqiqədə isə qonaqların müdafiəçisi Cəmaləddin Xocaniyazov bərabərliyi təmin edib.
Beləliklə, "Sumqayıt" 25 xalla 4-cü, ardıcıl 6-cı oyunda qələbəyə həsrət qalan "Sabah" 16 xalla 8-ci pillədə qalıb.
Qeyd edək ki, saat 18:15-də "Neftçi" - "Keşlə", martın 9-da isə "Qəbələ" - "Səbail" və "Zirə" - "Qarabağ" görüşləri keçiriləcək.
---------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə Bakıda 2 görüş keçiriləcək.
Günün ilk matçında "Sabah" "Bank Respublika Arena"da "Sumqayıt"ı sınağa çəkəcək.
18 turdan sonra meydan sahibləri 15 xalla sonuncu - 8-ci, qonaqlar isə 24 xalla 4-cü pillədə qərarlaşıb. Komandalar indiyədək ölkə çempionatında 9 dəfə üz-üzə gəliblər. Bu matçların 3-də Masazır təmsilçisi, 5-də isə "gənclik şəhəri" klubu qələbə qazanıb. Topların nisbəti də sumqayıtlıların xeyrinədir - 14:9. Son 4 görüşdə hər iki komanda qol vurub və qonaq tərəf qalib gəlib. “Sumqayıt” 7 görüşdür meydanı qolsuz tərk etmir.
Günün digər matçında "Neftçi" "Bakcell Arena"da "Keşlə" ilə qarşılaşacaq. Əslində bu görüş "ASK Arena"da keçirilməli idi. Sadəcə, "ağ-qaralar"ın stadionunda aparılacaq təmir işləri ilə əlaqədar matçların yeri dəyişdirilib.
Hazırda 33 xalı olan flaqman "Qarabağ"la 1 - 2-ci yerləri bölüşdürür. "Keşlə" isə 16 xalla 7-ci sıradadır. Komandalar arasında baş tutmuş 64 çempionat oyunundan 34-də meydan sahibləri, 15-də qonaqlar qələbəni bayram ediblər. Topların fərqində də "Neftçi"nin aşkar üstünlüyü var - 97:62. “Keşlə” son 3 oyunda uduzub. “Neftçi” ardıcıl 9 səfər matçında meydandan qolsuz ayrılmayıb.
Azərbaycan Premyer Liqası
XIX tur
16:00. “Sabah” – “Sumqayıt” - 1:1
Qollar: Təmkin Xəlilzadə, 34 - Cəmaləddin Xocaniyazov, 70
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Səbuhi Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Kərim Ağayev
“Bank Respublika Arena”
18:15. “Neftçi” – “Keşlə” - 3:1
Qollar: Namik Ələskərov, 6; 64 (penalti), Ömər Buludov, 19 - Azər Salahlı, 82
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Bəhram Qurbanov
"Bakcell Arena".
Qeyd edək ki, tura martın 9-da keçiriləcək "Qəbələ" - "Səbail" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.