UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 iştirakçısı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" klubları növbəti raunda adlayıblar.
İtaliyadakı oyunda "Atalanta"nı minimal hesabla məğlub edən "kral klubu" evdə də rəqibinə qalib gəlib - 3:1. Meydan sahiblərinin heyətində qolları Kərim Benzema, Serxio Ramos və Marko Asensio vurublar. Qonaqlardan isə Luis Muriel fərqlənib.
"Mançester Siti" isə Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da Almaniyanın "Borussiya" (Mönhenqladbax) komandasının qapısından 2 cavabsız top keçirib. 12-ci dəqiqədə Kevin De Bröyne, 6 dəqiqə sonra isə İlkay Gündoğan rəqibi məyus edib. "Şəhərlilər" bu meydanda baş tutmuş ilk qarşılaşmada da Mönhenqladbax təmsilçisini eyni hesabla məğlub etmişdi.
-----------------
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində daha iki cavab oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, matçlardan biri Macarıstanda, digəri isə İspaniyada baş tutacaq.
İngiltərə "Mançester Siti"si pandemiya səbəbindən Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunu Budapeştdəki "Puşkaş Arena"da qəbul edəcək. Bu stadiondakı ilk görüşdə 2:0 hesablı qələbə qazanan nominal meydan sahibləri növbəti mərhələyə adlamaq üçün böyük üstünlüyə malikdir. Oyun öncəsi "şəhərlilər"in heyətində itki yoxdur. Sadəcə, müdafiəçi Natan Akenin meydana çıxıb-çıxmayacağı sual altındadır. Mönhenqladbax təmsilçisinin heyətində isə eyni sözləri Rami Bensebaini, Kristof Kramer və Markus Tyuram haqqında söyləmək olar.
Günün digər matçında "Real Madrid" İspaniyada İtaliya "Atalanta"sını sınağa çəkəcək. "Kral klubu" səfərdəki ilk qarşılaşmada rəqibini 1:0 hesabı ilə məğlub edib. Madrid təmsilçisinin heyətində Dani Karvahal və Mariano Dias zədə, Kazemiro isə cəza səbəbindən oyunu buraxmalı olacaq. Digər zədəli Alvaro Odriosolanın oynayıb-oynamayacağı isə bəlli deyil. Qonaqlarda isə əsas itki zədəli Hans Hatebur və cəzalı Remo Froylerin yoxluğudur. Həmçinin zədədən yenicə sağalan Berat Cimşiti də meydana çıxmaya bilər.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
24:00. "Mançester Siti" (İngiltərə) - "Borussiya" Mönhenqladbax (Almaniya) - 2:0
Qollar: Kevin De Bröyne, 12, İlkay Gündoğan 18
İlk oyun - 2:0
24:00. "Real Madrid" (İspaniya) - "Atalanta" (İtaliya) - 3:1
Qollar: Kərim Benzema, 34, Serxio Ramos, 60 (penalti), Marko Asensio, 85 - Luis Muriel, 83
İlk oyun - 1:0
Qeyd edək ki, 1/8 final mərhələsinə martın 17-də keçiriləcək "Çelsi" (İngiltərə) - "Atletiko" (İspaniya) və "Bavariya" (Almaniya) - "Latsio" (İtaliya) matçları ilə yekun vurulacaq. Daha əvvəl Almaniyanın "Borussiya" (Dortmund), Portuqaliyanın "Portu", İngiltərənin "Liverpul" və Fransanın PSJ klubları 1/4 finala vəsiqə qazanıblar.