
Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, günün ikinci cavab oyununda "Zirə" "Keşlə"ni qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada qonaqlar qələbə qazanıb - 3:2.
Görüşdə hesabı 48-ci dəqiqədə "Zirə" açıb. "Keşlə"dən Şəhriyar Əliyev avtoqol müəllifi olub. 66-cı dəqiqədə Sezar Meza Kolli hesabı bərabərləşdirib. 30 yaşlı paraqvaylı yarımmüdafiəçi 90+1-ci dəqiqədə isə penaltini dəqiq yerinə yetirib - 2:1.
"Zirə" ilk görüşdə eyni hesabla qələbə qazandığından, matçda əlavə vaxt oynanılıb. 92-ci dəqiqədə Sezar Meza Kolli özünün və komandasının üçüncü qoluna imza atıb. 112-ci dəqiqədə Klesio Bauk fərqi azaltsa da, "Keşlə" yekunda 3:2 hesablı qələbəyə sevinib.
Beləliklə, "Keşlə" tarixində 6-cı dəfə Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb. Komanda həlledici qarşılaşmada "Sumqayıt"la üz-üzə gələcək. Final oyunu mayın 24-də "Bank Respublika Arena"da gerçəkləşəcək.
-------------------------------
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçının adına aydınlıq gəlib.
Sportnet.az-ın məlumatına görə, yarımfinalın cavab oyununda "Qarabağ"ı məğlub edən "Sumqayıt" həlledici qarşılaşmaya vəsiqə qazanıb.
Matçın əsas və əlavə vaxtı, ilk qarşılaşmadakı kimi qolsuz başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (5:4) qonaqlar tarixində 2-ci dəfə finala yüksəlib.
"Qarabağ"ın heyətində 11 metrlik cərimə zərbələrini Maksim Medvedev, Toral Bayramov, Qara Qarayev və Xayme Romero dəqiq yerinə yetirib. Patrik Andradenin zərbəsini qonaqların qapıçısı Aydın Bayramov geri qaytarıb. Kevin Medinanın vurduğu top isə qapı tirinə tuş gəlib.
"Sumqayıt"da isə Cəmaləddin Xocaniyazov, Vurğun Hüseynov, Xəyal Nəcəfov, Höccət Haqverdi və Vüqar Mustafayev penaltini qola çevirib. Elvin Məmmədovun zərbəsi isə qapı tirindən qayıdıb.
Qeyd edək ki, yarımfinalın digər matçında "Zirə" səfərdə 2:1 hesabı ilə qalib gəldiyi "Keşlə"ni qəbul edəcək.
----------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, bununla da ölkə kubokunun finalçıları müəyyənləşəcək.
Günün ilk matçında "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq. İlk oyunda rəqibi ilə qolsuz heç-heçəyə razılaşan "köhlən atlar"ı minimal hesablı qələbə də qane edəcək.
Meydan sahiblərinin heyətində Filip Ozobiç və Şahruddin Məhəmmədəliyev zədə səbəbindən oyunu buraxacaqlar. Qapıçı Məhəmmədliyev qarşılaşmanın "23-lüy"ündə yer alacaq, amma matçda forma geyinməyəcək. Yüngül zədəsi olan Bədavi Hüseynovun görüşdə iştirakı sual altında olsa da, Patrik Andrade meydana çıxmağa hazırdır. Qonaqların heyətində isə cəzalı və ya zədəli oyunçu yoxdur.
Digər oyunda isə "Zirə" ilk matçda 2:1 hesabı ilə qalib gəldiyi "Keşlə"ni sınağa çəkəcək. Meydan sahiblərinin iki futbolçusu "Keşlə"yə qarşı ev matçında olmayacaq. Ruslan Qurbanov ötən həftə koronavirusa yoluxduğundan, Riçard Almeyda isə cəzalı duruma düşdüyündən, komandasına kömək etməyəcək. Qonaqlarda isə legionerlər - Miyusko Boyoviç və Yevgeni Koçuk zədə səbəbindən meydana çıxmayacaq.
Azərbaycan Kuboku, yarımfinal
Cavab oyunları
17:00. “Qarabağ” – “Sumqayıt” - 0:0 (PENALTİLƏR SERİYASINDA 4:5)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu.
İlk oyun - 0:0
20:00. “Zirə” – “Keşlə” - 2:3 (Əlavə vaxt - 1:1)
Qollar: Şəhriyar Əliyev, 48 (ö.q.); Klesio Bauk, 112 - Sezar Meza Kolli, 67, 90+1 (p.), 93
Qırmızı vərəqələr: Lazar Corceviç, 88 (təcavüzkar davranış); Sərtan Taşkın, oyundan sonra (Hər ikisi "Zirə")
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Hacı Əhmədov, 90 - hakimin qərarına etiraz (“Zirə”)
Rəsmi şəxslərə göstərilən qırmızı vərəqələr: Rəşad Sadıqov, 90; Eltun Yaqublu, 90 (hər ikisi hakimin qərarına etiraz)
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu.
İlk oyun - 2:1