
"Qəbələ" klubu prezidentinin müşaviri Toni Adams futbolçu kimi vaxtilə uzun müddət şərəfini qoruduğu İngiltərə "Arsenal"ından danışıb. Sportnet.az-ın məlumatına görə, Adams "Sky Sports"a açıqlamasında hazırkı baş məşqçi Arsen Vengeri tərifləyib.
O bildirib ki, Venger "Arsenal"da gözəl işlər görür. Veteran futbolçunun fikrincə, "topçular" Çempionlar Liqasında pis təsir bağışlamayıblar və maliyyə cəhətdən də gücləniblər: "Yaxşı olardı ki, Venger qalsın. Onu əvəzləməyə qadir olan bir şəxsi tanımıram".
Qeyd edək ki, bu mövsüm Premyer Liqanı 4-cü pillədə başa vurmuş "Arsenal" Çempionlar Liqasına vəsiqə qazanıb. "Topçular" mayın 17-də "Uembli"də keçiriləcək İngiltərə Kubokunun finalında "Hall Siti" ilə üz-üzə gələcəklər. Adams sevimli komandasının qalib gələrək, 2005-ci ildən sonra ilk kuboka sahib olacağına inam ifadə edib.