İtaliyanın "Yuventus" klubunun və Niderland yığmasının futbolçusu Matteys de Liqt Avstriyaya 2:0 hesabı ilə qalib gəldikləri AVRO-2020-nin II tur matçından sonra müsahibə zamanı səhvə yol verib.
Sportnet.az-ın məlumatına görə, 22 yaşlı müdafiəçi hazırkı və keçmiş komandalarını qarışdırıb.
"Avstriya ilə görüşdə uzun ötürmələrlə daha çox oynamalı olurduq. "Ayaks"ın oyunçusu kimi buna adət etməmişdim", - deyə o bildirib.
Bu zaman jurnalist "Axı siz "Yuventus"da çıxış edirsiniz" söyləyib. De Liqts isə sözlərinə belə düzəliş edib: "Bəli, əlbəttə. Mən belə açıqlama verərkən, özümü "Ayaks"ın keçmiş oyunçusu kimi nəzərdə tuturdum".
Qeyd edək ki, Matteys de Liqt "Ayaks"dan "Yuventus"a 2019-cu ildə 85,5 milyon avroya keçib. Ötən mövsüm istedadlı müdafiəçi A Seriyasında 27 oyuna 1 qol, 1 məhsuldar ötürmə və 4 sarı vərəqə ilə yadda qalıb.