
"İlk oyunuma görə çıxışım pis deyil. Təəssüf ki, bu debüt qələbə ilə yekunlaşmadı. Mən də istəyərdim ki, qələbə qazanaq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin qapıçısı Kamran İbrahimov Bakıda Finlandiya HİK-i ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
22 yaşlı qolkiper qarşılaşma ərzində top buraxmaq istəmədiyini bildirib: "Bu, alınmadı. İkinci matçda daha yaxşı oynayaraq qələbə qazanmağa çalışacağıq. Birinci qolda cərimə meydançasında qarışıqlıq yarandı. İkinci qolda isə topu isə çıxartdım, amma rəqibin ikinci cəhdində top qapımıza daxil oldu".
İbrahimov 17-ci dəqiqədə zədələnən Aqil Məmmədovun yerinə meydana daxil olub. O, komanda yoldaşının durumu barədə məlumatsız olduğunu söyləyib: "Hələlik Aqili görməmişəm. Cavan görüşündə kimin oynaması özünün durumundan asılı olacaq".