
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə son çempion "Neftçi" autsayder "Keşlə"ni qəbul edib. "Bakcell Arena"da baş tutan qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda ilk qol 36-cı dəqiqədə vurulub. Yusuf Lavalın sağ cinahdan ideal ötürməsini qəbul edən Sezar Meza Kolli sabiq komandasını cəzalandırıb. Birinci hissə "ağ-qaralar"ın minimal hesablı üstünlüyü ilə başa çatıb. İkinci yarıya da fəal başlayan flaqman 50-ci dəqiqədə fərqi 2 topa çatdırıb. Bu dəfə "ağ-qaralar"ın yeni transferi Ramon Maçado fərqlənib. Fasilədən sonra Meza Kollinin yerinə meydana daxil olan braziliyalı hücumçu yaxşı təşkil olunmuş hücumu dəqiq zərbə ilə tamamlayıb. Bu, 30 yaşlı forvardın paytaxt təmsilçisində ilk qolu olub. Oyunda son nöqtəni isə 68-ci dəqiqədə İsmayıl Zülfüqarlı qoyub.
Bu qələbədən sonra xallarını 7-yə çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. Xalı olmayan "Keşlə" isə sonuncudur.
Qeyd edək ki, IV turun ilk iki oyununda "Qəbələ" evdə "Səbail"i 5 cavabsız qolla məğlub edib, "Zirə" isə "Sabah"la 1:1 hesablı heç-heçəyə razılaşıb. Tura sentyabrın 20-də keçiriləcək "Qarabağ" - "Səbail" matçı ilə yekun vurulacaq.
--------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, son çempion "Neftçi" "Keşlə"ni qəbul edəcək.
“Bakcell Arena”dakı qarşılaşma saat 18:30-da start götürəcək. Meydan sahibləri 3 matçdan sonra 4 xalla 6-cı pillədə qərarlaşıb. Xalı olmayan qonaqlar isə sonuncu - 8-ci yerdədir.
Komandalar indiyədək Premyer Liqada 66 dəfə üz-üzə gəliblər. Bunların 36-da flaqman, 15-də isə "Keşlə" 3 xal qazanıb. Topların fərqində də "Neftçi"nin aşkar üstünlüyü var - 103:63. “Keşlə” son 5 görüşdə məğlub olub. “Neftçi”nin meydanındakı son üç qarşılaşmada hər iki komanda fərqlənib.
Azərbaycan Premyer Liqası, IV tur
18:30. “Neftçi” – “Keşlə” - 3:0
Qollar: Sezar Meza Kolli, 36, Ramon Maçado, 50, İsmayıl Zülfüqarlı, 68
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bakcell Arena”
Qeyd edək ki, turun digər oyunlarında "Qəbələ" "Səbail"i 5 cavabsız qolla üstələyib. "Zirə" isə "Sabah"la heç-heçə oynayıb - 1:1. Tura sentyabrın 20-də keçiriləcək "Qarabağ" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.