"VAR gələcək" söhbəti yeni dəbdir".
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında verdiyi bu açıqlamada sanki ironiyadan çox narazılıq var idi. Baxmayaraq ki, 39 yaşlı mütəxəssis elə media önündə hakimlik barədə danışmağı xoşlamadığını bildirirdi.
Eyni sözləri nə qədər təkrarlamaq olar? Həm keçmiş futbolçu, həm də mütəxəssis kimi özünəməxsus çəkiyə malik Sadıqova "VAR gəlsin, düzələcək" sözləri ilə təskinlik verən AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik hələlik hakimlərin hoqqalarından "zövq almaq"la məşğuldur. Hər tur qulaqlarına nələr pıçıldadığı artıq heç kimə sirr deyil.
Elə bir referi olmur ki, "Zirə"nin oyunlarında nəticəyə təsir edən səhvlər buraxmasın. Rauf Cabbarovla başlayan dalğa Kamal Umudlu ilə davam etdi. İndi də İnqilab Məmmədov "Sabah"ın futbolçusu Şpiro Perişiçin qapıçı Mehdi Cənnətova qarşı kobudluğunu görməzdən gəldi. Perişiç təcrübəli futbolçudur, necə deyərlər, üzü üzlər görüb. Onun Cənnətovun əlində olan topu ustalıqla vurub tora salması açıq-aydın görünür. Amma "Ştuxlikin adamı" gözləri qarşısında baş verən kobudluğu görmür. Özü də qayda pozuntusu oyunun elə bir kritik məqamında baş verir ki, burada hakim səhvi "Zirə"ni qələbədən məhrum edə bilər. Amma Məmmədov bilə-bilə o səhvi buraxır. Görünür, belə lazım imiş...
Amma kimə? "Qarabağ"a hakim səhvi hesabına xal lazımdır, yoxsa "Neftçi"yə? Çempionatın əvvəlidir, hələ xal itkiləri və qazancları çox olacaq. Yenə çempionluq mübarizəsi bu iki komanda arasında gedəcək. Budurmu "peşəkar hakimlik"?
Hakimlərin bu dəfə "Qarabağ" və "Neftçi"yə yox, "Sabah"a canyananlıq etməsinin kökündə isə ciddi səbəb var. Bu, "Sabah"ı xilas etmək istəyidir. "Bir güllə ilə iki dovşanı vurmağ"ı hədəfləyən hakimlər həm "Zirə"ni dayandırmaq, həm də "Sabah"a ardıcıl 3 məğlubiyyətdən sonra 1 xalla nəfəs vermək istəyirlər. Təsəvvür edin ki, 4 ardıcıl məğlubiyyət belə bir imkanlı kluba necə təsir edə bilərdi. Baş məşqçi istefası bir tərəfə, Maqsud Adıgözəlovun şəxsində yarıtmaz idarəçilik artıq kluba nəzarət edən şəxslərin də səbr kasasını daşırıb. Amma Adıgözəlov kimdirsə, klub prezidenti postunda indiyədək qalmağı bacarmaqdadır.
Yəqin, əlaqələri güclüdür. Hakimlərlə işləmək isə onun postunu qorumaq üçün yeni vasitəsidir.
Amma "Sabah"ın xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində qurma planı çox məkrlidir və ifşa olunmağa məhkumdur.
Xəzər UĞUR