Uzun müddətdən sonra 3 futbolçu Azərbaycan millisinin heyətinə cəlb olunub.
Sportnet.az-ın məlumatına görə, bunlar Kiprin "Etnikos" klubunda çıxış edən Araz Abdullayev, Portuqaliya "Tondela"sından Renat Dadaşov və "Sabah"dan Bəxtiyar Həsənalızadədir.
Onlar İrlandiya və Serbiyaya qarşı 2022-ci il dünya çempionatının seçmə oyunlarına dəvət alıb.
Həsənalızadə son olaraq 2018-ci, Abdullayev və Dadaşov isə 2020-ci ildə yığmanın formasını geyinib.
Bundan əlavə, "Sumqayıt"dan Murad Xaçayev, "Qəbələ"dən isə Rövlan Muradov yenidən əsas yığmada debüt şansı əldə ediblər. Hər iki oyunçu daha əvvəl avqustda yoxlama xarakterli təlim-məşq toplanışı üçün dəvət alsa da, sentyabrdakı yekun heyətdən çıxarılıb.
Qeyd edək ki, oktyabrın 9-da Bakıda İrlandiyanı qəbul edəcək Azərbaycan yığması oktyabrın 12-də isə Belqradda Serbiyanın qonağı olacaq.