Avrokuboklarda ötən həftə Azərbaycan üçün 2 əlamətdar hadisə ilə yadda qalıb.
Sportnet.az "Report"a istinadən xəbər verir ki, bunlardan biri "Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsinin II turunda Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə məğlub etməsidirsə, digəri milli komandanın hücumçusu Mahir Emrelinin Polşada İngiltərə "Lester"inə qarşı Avropa Liqasının qrup matçında "Legiya"ya qələbə qazandırmasıdır.
Əvvəlcə Ağdam klubundan danışsaq, Qurban Qurbanovun baş məşqçi olduğu komanda son illərdə beynəlxalq arenada bəlkə də ən yaxşı oyunlarından birini keçirdi. Hətta ilk hissədən sonra hesabda geridə olması belə, "köhlən atlar"ın qələbəyə inamını azaltmadı. Bunun məntiqi nəticəsi kimi isə "Qarabağ" çətin səfərdə parlaq zəfər qazandı.
Emreli isə Varşava təmsilçisində öz sözünü deməkdə davam edir. 24 yaşlı forvard ku komandaya keçidindən sonra bütün turnirlərdə 10 qol vurmağı bacarıb. "Lester" üzərində qələbədə ən böyük pay sahibi olması isə onun dəyərini daha da artırıb.
Həm "Qarabağ"ın, həm də Emrelinin uğurlu çıxışının arxasında nə dayanır və bu amil yığmanın oktyabrın 9-da evdə İrlandiya, 3 gün sonra isə Serbiya ilə səfərdə keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunlarına necə təsir göstərə bilər?
Şahin Diniyev: "Emreli və "Qarabağ"ın 9 futbolçusu qalib ruhdadır"
AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev "Report"a açıqlamasında bildirib ki, "Qarabağ"ın həm fiziki, həm də texniki cəhətdən göstərdiyi sabit və təcrübəli oyun göz oxşayır: "Fəxr edirik ki, belə bir komandamız var. "Qarabağ" hər birimizin komandasıdır. Ona layiq olan söz tapa bilmirəm. "Omoniya" ilə oyuna təzyiq altında başlasalar da, vəziyyətdən sakit şəkildə çıxmağı bacardılar. Komanda hesabda geridə olmasına baxmayaraq, həm psixoloji, həm də motivasiya baxımından özündə güc tapdı və oyunu istədiyi formada qura bildi. "Bazel"lə ev matçından sonra bir çoxumuz düşünürdük ki, bu oyunu bir dəfə göstərə bilərsən. Amma "Qarabağ" sübut etdi ki, bu, məhz onların oyunudur, rəqibin kimliyindən asılı olmayaraq, oyuna diktə edir".
55 yaşlı mütəxəssisin sözlərinə görə, Emreliyə "afərin"dən başqa söz demək olmaz: "Futbol adına ən yaxşısı nədirsə, onu göstərdi. "Legiya"nın İngiltərənin köklü klublarından birinə qalib gəlməsində sırf onun qolu rol oynadı. Görüşə Rusiya telekanalından baxırdım. Şərhçinin "azərbaycanlı hücumçunun qolu" deməsi hər birimizin adıdır. Bu, millət kimi bizim də bacarığımızı üzə çıxardı. Mahirin həm daxili yarışlarda, həm də avrokuboklarda sərgilədiyi sabit oyun alqışalayiqdir. Ölkə xaricində Mahir kimi daha bir neçə futbolçumuz olsa, bunun yığmaya daha çox xeyri dəyər. Hər ölkənin özünəxas futbolu mövcuddur. Oynadığın xarici liqanın oyun üslubunu yığmaya gətirəndə artıq rəngarənglik olur. Kimsə atletik, kimsə əzmkar futbol gətirəcək. Bu halda hansısa matçın taleyini həll etmək də asan olur. Elə millilər var ki, heyətində öz çempionatından oyunçu yoxdur, hamısı legionerdir".
Diniyev "Qarabağ" və Mahir Emrelinin uğurlu çıxışının yığmanın oyunlarına müsbət təsir edə biləcəyini söyləyib: "Qalib futbolçu ilə işləmək, oyuna çıxmaq motivasiya baxımından tamam fərqlidir. Məğlub futbolçunun psixoloji durumunda problemlər olur. Əvvəlcə onu həmin vəziyyətdən çıxarmağın üstündə işləyirlər. Amma həm "Qarabağ"ın 9 futbolçusu, həm də Emreli millinin düşərgəsinə qalib ruhda gəliblər. Bunun komandaya böyük təsiri ola bilər. Lakin etiraf edək ki, milli komanda üçün asan oyun yoxdur. Qrupumuzda 6-cı səbətdən düşən yığma olsaydı, 6-7 xal yığa bilərdik. Bu da normal nəticə sayılardı. Millimizin cari seçmə mərhələdə indiyədək cəmi 1 xal qazanması futbolçuların və məşqçilərin üzərində təzyiq yaradıb. Rəqiblərin güclü olması yığma üçün ayrıca problem yaradır".
Veteran futbolçu İrlandiya və Serbiya ilə matçların həmişəki kimi, çətin keçəcəyinə proqnoz verib: "Amma şans var. Milli komanda bir hissə, 60 dəqiqə və ya 25 dəqiqə yaxşı oyun göstərə bilir. Bunu daha da təkmilləşdirib, dəqiqələri uzatmaq olar. Oyunu əvvəldən sonadək eyni tempdə aparmamaq bizim problemimizdir. Komandanın yaxşı xüsusiyyətləri də var. Bunları İrlandiya ilə Bakıdakı görüşdə görəcəyimizi gözləyirəm. Onlara qalib gəslək, 4-cü yer uğrunda mübarizə apara bilərik. Üstəlik Lüksemburqla evdə oyunumuz olacaq. Serbiya səfərində şansımız çox azdır. Ancaq Bakıda İrlandiyaya qalib gəlmək üçün şans var".
Erkin İbrahimov: "Nə Emreli, nə də "Qarabağ"ın futbolçuları adət etdikləri oyunu millidə göstərə biləcək"
Futbol agenti Erkin İbrahimov isə hazırkı "Qarabağ"ı son illərin ən yaxşısı hesab edir: "Futbol dəyişsə də, Qurban Qurbanov yeniliklərdən geri qalmır. Komanda daha əvvəl "tiki-taka" üslubunda çıxış edirdisə, indi daha aqressiv oyuna üstünlük verir. Məsələn, futbolçular meydanda əksər mübarizədə uduzmamağa çalışır. Bu da həm rəhbərlik, həm də məşqçilər səviyyəsində görülən işlərin nəticəsidir. Avropada bəlkə də elə komanda yoxdur ki, ardıcıl 8 dəfə təsnifat mərhələsindən başlayıb qruplara vəsiqə qazansın. Bu da ondan xəbər verir ki, "Qarabağ" dünya futbolunda baş verən dəyişikliklərə uyğunlaşır. Baş məşqçi də yerində dayanmır, daim inkişaf edir".
Emrelinin çıxışına da toxunan İbrahimov "Qarabağ"da oynayarkən onu ən çox tənqid edənlərdən biri olduğunu deyib: "Mahir həmin vaxt buna emosional reaksiya verirdi, onu tənqid edənləri sevmirdi. Amma tənqidlər olmasaydı, bu gün "Legiya"ya gedib çıxmazdı. Onun uğuruna hamı kimi mən də çox sevinirəm. Mahir 1-2 qol vuranda başladılar ki, təsadüfən oldu. Sonra yenə fərqləndi, dedilər, Polşa çempionatının səviyyəsi aşağıdır. Artıq "Lester"ə qol vurandan sonra hamı ondan danışmağa başladı. Belə davam etsin. Müsahibələrini izləyirəm, hər oyundan sonra Qurban Qurbanovdan danışır. Qurbanov ona elə məsləhətlər verər ki, daha da irəliyə gedər. Ona görə də bizim ona məsləhət verməyimiz düzgün olmaz. Yalnız sevinə bilərik".
İbrahimov millinin baş məşqçisi Canni De Byazinin həm "Qarabağ"dakı futbolçuların, həm də Mahir Emrelinin qalib psixologiyasından düzgün istifadə etməli olduğunu vurğulayıb: "Son illərdə yığmanın uğurlu dönəmi Robert Prosineçkinin vaxtında olub. Əslində xorvatiyalı mütəxəssis qeyri-adi heç nə etmədi. "Qarabağ" həmin il Çempionlar Liqasının qrupunda çıxış edirdi. Baş məşqçi Ağdam klubunun ətrafında komanda yığdı, futbolçuların formada olmasından istifadə etdi. Prosineçki yaxşı mənada çox hiyləgər baş məşqçidir. O, Qurban Qurbanovla eyni fəlsəfəyə malik olmasa da, oxşar futbolu oynadırdı. Rəqibin adına baxmadan hücum futboluna üstünlük verirdi. De Byazi isə bunu etmir. Onun işi müdafiə olunmaqdır. Ona görə də nə Mahir Emreli, nə də "Qarabağ"ın futbolçuları adət etdikləri oyunu göstərə biləcəklər".
Futbol agentinin fikrincə, millinin baş məşqçisi formada olan oyunçulara güvənmir: "Polşanın "Visla" (Plotsk) komandasında oynayan Anton Krivotsyuk, "Sumqayıt"da əla mövsüm keçirən Rəhim Sadıxov, bir sözlə, əksər futbolçularımız formadadır. De Byazi də bundan yararlanmalıdır. Dəfələrlə görümüşük ki, o, formada olan oyunçulara güvənmir. "Keşlə" pis gündədir, amma Azər Salahlı millidə bütün oyunlara əsas heyətdə çıxır. Yenə deyirəm, oyunçular ideal vəziyyətdədir. Bütün kartlar baş məşqçinin əlindədir. İrlandiya ortabab komandadır, 3 ötürməni ardıcıl verə bilmirlər. Serbiyanı da gördük, Bakıda canlarını güclə qurtardılar. Yəni, top-komanda deyil. Onları udmaq da olar".