
Əzizov bu gecə Azərbaycana gələrək, "Qəbələ"yə baş məşqçi təyin olunacağı gözlənilən İvaylo Petevin Kipr AEL-i ilə müqaviləni uzatmasına münasibət bildirib. "Qəbələ" rəsmisi deyib ki, bu gün günorta saatlarında Petevlə telefon əlaqəsi yaradıblar. Bolqarıstanlı mütəxəssisin iyunun 11-ə keçən gecə Bakıda olacağını bir daha təsdiqləyib: "Petev AEL-lə bütün məsələləri yoluna qoyduğunu və müqavilənin pozulması ilə bağlı razılığa gəldiklərini bildirib. O, yubanmasının səbəbini AEL-lə müqaviləsinə xitam verən sənəddə Kipr təmsilçisinin möhürünün olmaması ilə izah edib. Hətta birbaşa Sloveniyaya təlim-məşq toplantısına gəlmək istədiyini də bildrdi. Ancaq biz razı olmadıq. Ona dedik ki, Azərbaycana gəl, rəsmi müqavilə imzalayaq, ictimaiyyətə təqdim edək".
Bolqarıstanlı mütəxəssisin bu addımına heç bir ad verə bilmədiklərini söyləyən "Qəbələ" rəsmisi "Bəlkə də AEL-lə daha yüksək məbləğə müqavilə bağlamaq üçün bu cür hərəkət edib" deyib. O, artıq Petevin telefon zənglərinə də cavab vermədiyini əlavə edib: "Cəmi 1 saatdır ki, Petevin AEL-lə müqaviləni uzatmasına dair xəbər almışıq. Hər halda AEL-in rəsmi saytı yazıbsa, bu, yalan ola bilməz. Xəbər çıxdıqdan sonra dəfələrlə bolqarıstanlıya zəng vurmuşuq. Təəssüf ki, zənglərimiz cavabsız qalıb".
Ceyhun ƏLİYEV