
FIFA-nın qlobal inkişaf şöbəsinin rəhbəri Arsen Venger dünya çempionatının iki ildən bir keçirilmə ideyasını müzakirə etməyi planlaşdırır.
Sportnet.az-ın "The Guardian" nəşrinə istinadən məlumatına görə, 71 yaşlı mütəxəssis bu məqsədlə bütün ölkələrin milli komandaları ilə onlayn konfrans təşkil edəcək. Venger 2024-cü ildən həyata keçirmək istədiyi ideya ilə əlaqədar təqvimdə islahatları da müzakirəyə çıxaracaq.
Dünya çempionatının 2 ildən bir təşkilini Səudiyyə Ərəbistanı Futbol Federasiyası yayda təklif edib. Onu 166 milli assosiasiya dəstəkləyib, 22-si isə əleyhinə olub.
1930-cu ildən keçirilməyə başlayan mundial II Dünya müharibəsi ilə əlaqədar, 1942 və 1946-cı illərdə istisna olmaqla, hər 4 ildən bir təşkil olunub. Qarşıdakı dünya çempionatları Qətərdə (2022), Kanada, Meksika, ABŞ-da (2026) olacaq.