"Qarabağ"ın futbolçusu Abbas Hüseynovun Bakıda Qazaxıstan "Kayrat"ına qarşı UEFA Konfrans Liqasının qrup oyununda qələbə qolunu vurduqdan sonra ağlamasının səbəbi bəlli olub.
Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Sportnet.az-a açıqlamasında 26 yaşlı müdafiəçinin 2 gün öncə dünyasını dəyişmiş nənəsinə görə gözyaşlarını saxlaya bilmədiyini söyləyib.
Klub rəsmisi bildirib ki, Hüseynov qarşılaşmadan öncə fərqlənəcəyinə və qolu nənəsinə həsr edəcəyinə söz verib.
Qeyd edək ki, "Qarabağ" - "Kayrat" görüşü "köhlən atlar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Abbas Hüseynov oyunun əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə qələbə topunu rəqib qapısından keçirib.