"Sabah" klubu Rusiya "Krasnodar"ının sabiq baş məşqçisi Murad Musayevlə danışıqlara başlayıb.
Bu barədə Sportnet.az-a paytaxt təmsilçisinin idman direktoru İqor Ponomaryov məlumat verib.
61 yaşlı mütəxəssis bu post üçün bir neçə namizədlə görüşdüklərini bildirib: "Ramin Quliyevin gedişindən sonra baş məşqçi postu boşalıb. Rusiyalı Murad Musayev sadəcə, namizədlərdən biridir. Biz namizədlərlə görüşürük. Bu da normal prosesdir".
Ponomaryov komandanın sükanı arxasına özünün keçməməsinin səbəbini də açıqlayıb: "Bu gün klubun idman direktoruyam. Mənim vəzifəm və çoxlu işim var. Hazırda biz yeni baş məşqçi axtarırıq. Onun əcnəbi və ya yerli mütəxəssis olacağını zaman göstərəcək".
Qeyd edək ki, "Sabah" oktyabrın 21-də Ramin Quliyevlə yollarını ayırıb. Murad Musayev 2018 - 2021-ci illərdə "Krasnodar"da işləyib.