
"Hər şey mənim dediyim kimi getsəydi, qrupda 5 xal toplaya bilərdik. Hazırkı kondisiyalarla bundan artığını edə bilməzdik".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi "CBC Sport"da yayımlanan Start" verilişində qonaq olarkən deyib.
İtaliyalı mütəxəssis bildirib ki, Azərbaycan millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində çətin qrupda çıxış edib: "Qrupumuzun reytinq favoriti Portuqaliya 2-ci yeri tutdu, Serbiya isə reytinqcə geri qalsa da, qrup qalibi oldu. İrlandiya 3-cü, Lüksemburq 4-cü, biz isə təəssüf ki, 5-ci yerlə kifayətləndik. Çox heyf ki, cəmi 1 xal toplaya bildik. Halbuki Dublində İrlandiya ilə qarşılaşmanın axırıncı dəqiqələrində o cür asan səhvlər buraxmasaydıq, 3 xal qazanardıq. Lüksemburqla Bakıdakı görüşdə isə artıq 21-ci dəqiqədə qırmızı vərəqə alaraq, 10 oyunçu ilə qaldıq. Bununla da oyun bizim üçün çox çətinləşdi. Lakin düşünürəm ki, son dəqiqələrədək mübarizə apararaq, oyundan qopmadıq".
De Byazi Portuqaliya və Serbiya ilə görüşlərdəki çıxışlarından da razılıq ifadə edib: "Portuqaliya ilə ilk tur matçının ikinci hissəsində yaxşı çıxış etdik. İlk yarıdakı avtoqoldan sonra 3-4 yaxşı imkanımız oldu. Serbiyadakı görüşdə isə hesab 1:1 olduğu vaxt meydana yeni girən oyunçularımızdan biri zədələndi. Nəticəyə yox, oyuna baxanlar deyə bilər ki, bu iki komandaya qarşı qorxmadan mübarizə apardıq".
Qeyd edək ki, Canni De Byazi ilə müqavilə noyabrın 30-da başa çatacaq.