"Kiminsə üstünə günah atmaq fikrimiz yoxdur. Çox oyunçularla yaxınlığınız var. Aramızda olan münasibətləri də soruşa bilərsiniz. Mən bəhanə tapıb bəraət qazanmaq istəmirəm. Cavan futbolçularımız var. Onlar da belə oyunlarda səhv edəcəklər. Mən də vaxtilə belə səhvlər etmişəm".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII tur oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis futbolçulara ondan başqa heç kimin söz deməməsini istəyib: "Vüsal Əsgərov bu gün qol vurub, sevincliyik. Onun etmədiyi şeyləri də deməliyik. Hərdən elə olur ki, əsəbiləşirik və bura çıxarırıq. Günahımız odur ki, bura çıxarırıq. Əsas odur ki, oyunçu nəticə çıxarsın. Bu gün baş məşqçiyə təzyiq var və onu söyürlər".
Abasov Mamadu Mbocun oyunu haqqında danışıb: "Futbolçunun Kamran Ağayevlə məsələsindən xəbərim yoxdur. Mamadu Mbocun özünün iki barmağı sınıb və xəstəxanaya gedib. "Keşlə"yə uduzanda Mboc oynamırdı, amma uduzduq. Ona görə məğlub oluruq deyə bilmərəm. Yer-göy dağılsın, mən kimi lazım bilsəm, onu da oynadacağam. Gənc oyunçu ondan da çox xeyir verəcəksə, onu da oynadacağam. Güya mən postumdan getsəm, nə olacaq? Heç vecimədir? Bir aydan sonra haradansa baş məşqçi istefa verəcək, onun yerinə mənim adımı yazacaqsız. Göndərmələri normal bir şeydir. Biri gedəcək, digəri gələcək də... Niyə Samir getməlidir? Getsə, hər şey düzələcəkmi? Bu şayiələri çıxaranlar, onların arxasında duranlar var. Bundan heç vaxt narahat olmamışam, siz də narahat olmayın".
Baş məşqçi ötən mövsüm çempionluqlarının təsadüf olmadığını sözlərinə əlavə edib: "Heç vaxt bununla razı olmaram. Rəqiblərin zəif olması mənim problemim deyil. Mən həmin vaxt güclü idim. Kiminsə hansı oyunda zəif oynaması da mənim problemim deyil, həmin matçda güclü oynamışdıq. Hər şey yaxşı olacaq. Mənim haqqımda yazan rəhbər şəxs klubda qalmağımı daha çox istəyən və mənə dəstək olan adamdır. Sağ olsun. Samir mətbuat konfransında hirslənib o sözü deyib, o da əsəbiləşib elə danışıb. Hazırda vəziyyət elədir ki, nöqtə transfer etməlisən. Ötən mövsümkü çıxışına görə, hamı Sezar Meza Kolli və Xəyal Nəcəfovu komandaya götürərdi. Onların zəif oynaması o demək deyil ki, üstlərindən xətt çəkilib. Durumdan özləri çıxa bilərlər. Anlayışla yanaşmağınızı istəyirəm. Bəzən deyirlər ki, kimsə niyə oynamır. Amma digər komandalar haqqında danışmırlar. Futbolçulara bizdən də çox pul verən klublar var, amma adlarını çəkmirlər. Vüsal Əsgərov Mamadu Kanenin mövqeyində baş çıxarda bilməz. İrəli xətdə istədiyini bəlkə də edə bilər. Hər oyunçuya vaxt lazımdır".