
Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyevin çıxış etdiyi Ukraynanın "Kolos" klubu Yaroslav Vişnyakı baş məşqçi postuna təsdiqləyib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Vişnyak bu vəzifəni icra etdiyi müddətdə komandanı 4 oyuna çıxarıb. Kovalyovka təmsilçisi meydanı 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə tərk edib.
Premyer Liqada 16 turdan sonra "Kolos" 18 xalla 10-cu yerdə gedir.
Qeyd edək ki, noyabrın 27-də III turdan təxirə salınmış matçda Anatoli Nuriyevin hazırkı klubu ilə keçmiş komandası "Minay" üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Kolos"un bərabərlik qolunu Nuriyev vurub. "Minay"ın heyətində isə Rüstəm Əhmədzadə 80-ci dəqiqəyədək meydanda olub.