"Sumqayıt" Kipr "Etnikos"undan ayrılan Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin kluba mümkün keçidinə münasibət bildirib.
Sportnet.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin prezidenti Riad Rəfiyev yeni baş məşqçi Aleksey Baqanın təqdimat mərasimində açıqlama verib.
Funksioner 30 yaşlı yarımmüdafiəçinin belaruslu mütəxəssisə təklif olunacağını bildirib: "Araz Abdullayevin özündən də soruşmaq lazımdır ki, görək, burada oynamaq istəyirmi? Bildiyim qədərilə ölkə xaricində çıxış etmək niyyətindədir. Baş məşqçimiz istədiyi təqdirdə, onunla danışıqlara başlayacağıq".
Qeyd edək ki, Araz Abdullayev ötən gün "Etnikos"la yollarını ayırıb.