
"Hələlik bu barədə kluba məktub daxil olmayıb, amma şikayət olubsa, qarşı tərəfə cavab veriləcək".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin idman direktoru Zaur Əzizov San-Tome və Prinsipidən olan Harramiz Soaresin klubu FIFA-ya şikayət etməsi ilə bağlı danışarkən deyib.
Fuksioner bildirib ki, 32 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə sözləşmənin bəndləri və maddələrindən yararlanaraq xitam veriblər: "Təfərrüata varmaq istəmirəm. Bu, klubla oyunçu arasındakı müqavilənin detallarıdır. FIFA-ya şikayət etmək futbolçunun şəxsi hüququdur".
Əzizov "Neftçi"nin hansısa sanksiyaya məruz qalma ehtimalına da münasibət bildirib: "Klubun hüquq şöbəsi belə addım atırsa, yəqin ki, kifayət qədər əsasları var. Burada hansısa sanksiyadan söhbət gedə bilməz. Ortada müəyyən məsələ və iddia varsa, tərəflər öz mövqelərini əsaslandıracaqlar. Heç kim fikirləşməsin ki, futbolçu şikayət edibsə, "Neftçi" sanksiyaya məruz qalacaq. Belə məsələ yoxdur. Sanksiya FIFA-nın qərarına əməl etmədikdə ola bilər".
Qeyd edək ki, "Neftçi" Harramiz Soareslə yollarını yanvarın 21-də ayırıb. Onun klubu FIFA-ya şikayət etməsi barədə ilk xəbəri futbolpress.az yazıb.