"O, Sabah"da işlədiyi üçün belə danışır, bilir ki, klubunu dəstəkləməsə, işdən çıxaracaqlar".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Neftçi"nin sabiq futbolçusu, AFFA nümayəndəsi Maşallah Əhmədov "Sabah"ın idman direktoru İqor Ponomaryovun "ağ-qaralar"a 1:3 hesabı ilə uduzduğu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununun təkrarlanmalı olduğu barədə fikirlərinə münasibət bildirərkən deyib.
"Neftçi" Veteranları İttifaqının sədri keçmiş komanda yoldaşının səhv etdiyini söyləyib: "Görüş sonadək oynanıldı və "Neftçi" layiqli qələbə qazandı. Meydanda təmiz oyun getdi, heç kim buna etiraz edə, "Neftçi"nin əziyyətini yerə vura bilməz. Kim nə deyir, özü bilər. Ponomaryov deyir ki, oyun təkrarlanmalıdır. Səhv edir. Keçmiş futbolçudur, amma bu sözü dilinə gətirir. Oyunla bağlı söylədiklərinin hamısı yalandır".
Əhmədov vetran futbolçunun vəzifəsini itirməkdən qorxduğu üçün bu cür açıqlama verdiyini bildirib: "Ponomaryov qaydaları bilir. Amma əsl futbolçu kimi danışmır. Harada çalışmağından asılı olmayaraq, həqiqəti deməlidir. Futbolu bilən meydanda baş verənləri başa düşəcək. Hakimə qiymət verən insanlar var. Səhv edibsə, cəzasını alacaq. Ponomaryov güclü futbolçu olsa da, zəif danışır. Bu isə ədalətsizlikdir. Onun belə açıqlama verməsi böyük səhvdir".
Ponomaryov hazırda "Sabah"da çalışsa da, futbolçu kimi ən böyük uğurlarını "Neftçi"də qazanıb, "ağ-qaralar"ın heyətindəki çıxışları ilə tanınır. Hazırda o, "Neftçi"dən təqaüd alır. Əhmədov bu faktları təsdiqləməklə yanaşı, bunları əlavə edib: "Söhbət ondan getmir. Əsl futbolçu kimi qaydalarla danışmır. Amma "Neftçi"dəki uğurlarının xətrinə düzünü deməlidir"
Keçmiş "10 nömrə" "Sabah" - "Neftçi" matçının baş hakimi Rəvan Həmzəzadənin qərarlarını da şərh edib: "Aleksey İsayev kəllə ilə Eddi İsrafilovun ağzına zərbə endirir. Hakim nə etməlidir, durub baxmalıdır? Referi hər şeyi dəqiqliklə etdi. "Sabah" yüksəlişdə olan komandadır. Amma rəqibin baş məşqçisi Murad Musayev böyük səhvlərə yol verdi və meydana girdi. Özü belə səhvlərə yol verirsə, futbolçular nə etsinlər? Bilir ki, texniki zonanı tərk etmək olmaz. Səlahət Ağayev guya, öz iradını bildirməyə gedib. Halbuki rəqibin boğazından tutub. Hakim ona "çox sağ ol" deməlidir? Razıyam, referi Eddinin kobudluq etdiyi epizodda gecikdi. Vaxtında fit çalmadı. Amma düşünürəm ki, orada qırmızı vərəqəlik epizod yox idi. Futbolçunun ayağı havada olsaydı, meydandan qovmaq olardı. Qaydaları bilən adam üçün epizodu şərh etmək asandır. Futbola çox adam baxır, amma biz görürük".
Əhmədov Ponomaryovun dövlət tərəfindən ona bağışlanan evi sataraq, İspaniyada mənzili alması barədə iddialara da münasibət bildirib: "Bunu mən bilmirəm. Amma prezidentin verdiyi hədiyyəni satmazlar. Bu kibrit qutusu olsa belə, onu yadigar saxlamalısan. Bunlar nə alınır, nə də satılır".