Gürcüstanın "Dinamo" (Batumi) komandasının yeni transferi Xviça Kvaratsxeliya karyerasını İngiltərə "Arsenal"ında davam etdirə bilər.
Sportnet.az-ın "AreaNapoli"yə istinadən məlumatına görə, 21 yaşlı yarımmüdafiəçinin transferindən ötrü "topçular" "Napoli" ilə mübarizəyə başlayıb.
Napoli təmsilçisi X.Kvaratsxeliyanı heyətinə qatmağa əsas namizəd olsa da, London klubu da istəyində ciddidir. "Arsenal" bir neçə aydır məlumatlar topladığı gənc futbolçunu hətta martda almağa hazır olub. Lakin İngiltərə Premyer Liqasının rəhbərliyi Rusiya və Ukrayna klublarından oyunçular gətirməyə qadağa qoyub.
Bu səbəbdən, "topçular" X.Kvararatsxeliyanı yayda almağa cəhd edəcək. Klub ümid edir ki, gürcüstanlı futbolçunun transferini 15 milyon avrodan aşağı məbləğə gerçəkləşdirə biləcək.
"Napoli" isə Nikolya Pepe olayının təkrarlanacağından ehtiyatlanır. N.Pepe də Neapol klubunun transfer hədəfi olub, lakin futbolçu yekunda "Arsenal"a keçib.
Qeyd edək ki, Xviça Kvaratsxeliya Batumi "Dinamo"suna Rusiyanın "Rubin" komandasından keçib. O, Kazan klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub. X.Kvaratsxeliya Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.