"Çempionatda o qədər səhv olur ki, mən bunları necə sayım? Yaxşı malalayırlar".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov deyib.
Keçmiş referi bildirib ki, komitənin hazırkı rəhbəri Frits Ştuxlik vəzifədə olduğu müddətdə heç bir iş görməyib: "Ştuxlik olan-qalanı da məhv etdi. Kimi üzə çıxardı? Əliyar Ağayev qabağa getməkdənsə, gerilədi. Avstriyalı yalnız özü üçün çalışır. Ağayevin Yunanıstan Super Liqasının oyunlarına təyinat almasınında onun heç bir rolu yoxdur. Bunu UEFA Hakimlər Komitəsinin keçmiş üzvü, hazırda isə Rumıniya Futbol Federasiyasına rəhbərlik edən Kiros Vassaras təşkil edir. Çünki Ştuxliki AFFA-ya məhz o məsləhət görüb. Reytinqini saxlamaq üçün arada belə şeylər edir. Ştuxlik işləyəndirsə, Əliyarın beynəlxalq oyunlarındakı təyinatlarını yaxşılaşdırsın. Demək olar ki, son vaxtlar oyun idarə etmir".
Məmmədovun sözlərinə görə, avstriyalı mütəxəssis Azərbaycana VAR (video-köməkçi hakim - red.) sistemini gətirmək üçün insanların haqqını yeyir: "Bu nə fikir, nə məntiqdir? VAR yoxdur, qapı arxasına əlavə hakim qoy, epizodları izləsin. Belə olsaydı, "Zirə"nin hücumçusu Davit Volkovun "Neftçi"yə qarşı matçda əllə oynadığını görüb referiyə xəbər verəcəkdi. Niyə etmir? Görünür, hakim çatışmazlığı var. Oyunları cəmi 5-6 referi idarə edir. Ştuxlik işlədiyi 3 ildə kimləri üzə çıxarıb? Yaxşı təşkilatçı olsaydı, Avstriyada qalıb işləyərdi. Onu oradan qovmuşdular".
O, Ştuxlikin gəlişindən sonra gənc hakimlərin yetişmədiyini söyləyib: "Fərid Hacıyev gəncdir, amma onda da inkişaf görmürəm. Neçə oyundur baxıram, eyni səhvləri təkrarlayır. Görünür, səhvlərini özünə deyən də yoxdur. Kamranbəy Rəhimov da mənim vaxtımda üzə çıxan hakimlərdəndir. Birdən-birə götürüb "Qəbələ" - "Qarabağ" oyununa təyin etdilər. Bu uşağı niyə "yandırırsınız"? Nisbətən asan matçlara göndərin, yavaş-yavaş bişsin. Birdən-birə oda atırlar. Psixoloji cəhətdən sınar və birdəfəlik olar".
Məmmədovun fikrincə, Premyer Liqaya VAR sistemi gəlsə, səhvlərin sayı azalacaq, lakin kökü kəsilməyəcək: "Çünki sistemin arxasında oturan da insandır, robot deyil. O da səhv edə bilər. İtaliya, İspaniya və Rusiya çempionatlarının oyunlarına baxıram. VAR-da oturanlar baş hakimə elə yanlış məlumat verirlər ki, sadəcə, biabırçılıqdır".
Keçmiş komitə sədri səhvlərin çoxluğuna baxmayaraq, hakimlərdə qərəz görmədiyini vurğulayıb: "Hakimlərlə kim işləyir? Ümumiyyətlə, bu, "Qarabağ"a lazımdır? 2-3 turdan sonra çempionluğu rəsmiləşdirəcəklər. Ötən mövsüm Elçin Məsiyevin adı bu cür məsələlərdə hallanırdı. Çünki Ştuxlikin sevimlisidir. Düzdür, "Qarabağ"a qarşı son oyunda "Neftçi"nin xeyrinə kobud səhvlər etdi. Amma qərəzli olduğuna inanmıram. Digər tərəfdən, bunların nə ilə nəfəs aldığını kim bilir? Hakimlərdə səhvlər olsa da, qərəz görmürəm. Amma səhvləri aradan qaldırmaq üçün iş görülmür. Orada elə adamlar var ki, onların sifətini belə görmək istəmirəm".