"Qəbələ"nin baş meneceri Nail Kərimov "Sabah"ın idman direktoru İqor Ponomaryovun avrokubok yarışında əyalət təmsilçisini özlərinə əsas rəqib görməsinə münasibət bildirib.
Sportnet.az xəbər verir ki, klub rəsmisi "report"a açıqlamasında Premyer Liqada iştirak edən komandalara fərq qoymadıqlarını söyləyib.
Onun sözlərinə görə, "Qəbələ" üçün bütün rəqiblər eynidir: "Mövsümün əvvəlindən hər dəfə soruşanda demişik ki, məqsədimiz növbəti oyunda qələbə qazanmaqdır. Bu, indiyədək dəyişməyib. Mövsümün sonuncu görüşündə də eyni hal olacaq. Buna görə seçdiyimiz rəqib də yoxdur. Biz kiminsə rəqibi ola bilərik. Amma növbəti görüşdə qalib gəlmək istəyiriksə, hamı bizim rəqibimizdir. Hamı bizim üçün eynidir. Ona görə belə də davam edirik. Bütün komandalara uğurlar arzulayırıq".
Kərimov rəqiblərin xallarını, kimin harada nə itirib, nə qazanacağını hesablamadıqlarını vurğulayıb: "Hazırda əsas məqsədimiz qarşıdakı turda "Səbail" üzərində qələbə qazanmaqdır. Həmin oyunun nəticəsindən asılı olmayaraq, növbəti turda hədəfimiz "Sumqayıt"ı məğlub etmək olacaq".
Qeyd edək ki, İqor Ponomaryov "Report"a müsahibəsində "Sabah"ın avrokuboklara vəsiqə uğrunda əsas rəqibinin "Qəbələ" olduğunu bildirib.