Belçika çempionatının XXXIV turunda keçirilən "Yunion" - "Beersxot" oyunu yarımçıq dayandırılıb.
Sportnet.az-ın məlumatına görə, buna qonaq komandanın bir neçə azarkeşinin meydana girməsi səbəb olub.
Fanatlar 84-cü dəqiqədə meydana giriblər. Polis hadisəyə müdaxilə etsə də, görüşün baş hakimi futbolçuların təhlükəsizliyinin təmin olunmadığını əsas gətirərək qarşılaşmanın dayandırılmasına qərar verib.
Həmin vaxt matçda hesab açılmayıb. Qarşılaşma ilə bağlı qərarı yerli federasiya verəcək.
Qeyd edək ki, "Yunion" 33 oyundan sonra 74 xalla turnir cədvəlinə başçılıq edir. Komanda əsas rəqibi "Brügge"ni iki xal qabaqlayır. 16 xalla sonuncu sırada olan "Beersxot" isə aşağı liqaya düşüb.