Argentinanın "Boka Xuniors" klubunun sabiq futbolçusu Eduardo Salvio axtarışa verilib.
Sportnet.az "Ole" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi keçmiş həyat yoldaşını avtomobillə vuraraq hadisə yerindən qaçmaqda ittiham olunur.
Hadisənin yerli vaxtla aprelin 14-nə keçən gecə baş verdiyi bildirilir.
Salvionun keçmiş xanımı futbolçunu maşında başqa qadınla tutub. O, keçmiş əri ilə danışmaq üçün pəncərəni döysə, Salvio şüşəni aşağı salmayıb. Bundan sonra qadın maşının qarşısını kəsib. Lakin oyunçu uzun müddət tərəddüd etmədən mühərriki işə salıb və keçmiş arvadını vurub. Nəticədə qadın xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, Eduardo Salvio daha əvvəl İspaniyanın "Atletiko" (Madrid) və Portuqaliyanın "Benfika" klublarında çıxış edib.