
İş adamı, "Bakı" klubunun sabiq prezidenti Hafiz Məmmədov barəsində seçilən ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a onun vəkili Orxan Cəfərbəyli açıqlama verib.
O bildirib ki, Dövlət Vergi Xidməti Məmmədovun hazırki maddi vəziyyəti ilə bağlı loyal münasibət göstərərək məhkəmənin seçdiyi qətimkan tədbiri müddətinin uzadılmasını istəməyib.
İş adamnın barəsində ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz olunub.
Qeyd edək ki, Hafiz Məmmədov böyük məbləğdə vergi və məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınmaqda ittiham olunur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində sahibkarın barəsində cinayət işi başlanıb.
Cinayət işi çərçivəsində H.Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə iş adamının barəsində həbs qətimkan tədbiri seçilmişdi.