
Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyə "Bursaspor"unun heyətində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi evdə "Gənclərbirliyi"nə qarşı oynanılan I Liqanın 33-cü tur matçının iştirakçısı olub. Start heyətində meydana daxil olan təcrübəli oyunçu 69-cu dəqiqədə İsmail Yükseklə əvəzlənib.
Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Görüşün əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Rahmetulla Berişbek ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.
Qeyd edək ki, bu nəticədən sonra xallarını 32-yə çatdıran "Bursaspor" 18-ci pillədə qalıb. 39 xalı olan "Gənclərbirliyi" isə 12-ci sırada qərarlaşıb.