
Azərbaycanlı futbolçu Cavid İmamverdiyevin Türkiyə I Liqasında mübarizə aparan "Elazığspor"dan qovulması rəsmiləşib. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Ümit Özat İmamverdiyevi "Samsunspor"la ev oyununun iştirak ərizəsinə belə daxil etməyib. Halbuki əvvəlki qarşılaşmalarda hücumçu nəinki "18-lik"də, hətta start heyətdə yer alıb.
İmamverdiyevdən əlavə, Franko Kangele və Fabio Bilikanın yoxluğuna rəğmən, "Elazığspor" iddialı komandalardan sayılan "Samsunspor"u evində büdrətməyi bacarıb - 0:0.
Cəmşid Məhərrəmovun formasını geyindiyi "Adanaspor" isə "Bucaspor"u qəbul edib. Həmyerlisindən fərqli olaraq Məhərrəmov 90 dəqiqə meydanda olub. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.