"Oyunun əhəmiyyətini dərk edirdik. Bilirdik ki, çətin görüş olacaq. "Neftçi"yə qarşı oynamaq hər zaman çətindir. Rəqibin xüsusi təqdimata ehtiyacı yoxdur. Komandam tapşırıqları maksimum yerinə yetirdi və layiqli qələbə qazandı".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVI tur matçından sonra deyib.
42 yaşlı mütəxəssis bildirib ki, qol epizodlarını yaratmaq böyük iş tələb edir: "Komandam daha yaxşısını etməyə qadirdir. Bütün düşüncələrimiz "Şamaxı"ya qarşı görüşlə bağlıdır. Yaxşı nəticə qazanmağa çalışacağıq".
Baxşıyev azarkeşlərə təşəkkür edib: "Qarşıda iki final oyunumuz var. Bu matçlarda maksimum nəticə qazanmağa çalışacağıq. Fanatlarımız möhtəşəm idilər. Sonadək dəstək olsunlar. Ümid edirəm ki, onları sevindirəcəyik".
O, gənc hücumçu Emil Səfərovun çıxışına da tounub: "Kimisə fərqləndirməzdim. Emil də komandanın üzvüdür. Üzərinə düşəni etməyə borcludur. Heyətimizdə ondan da dəyərli futbolçular var ki, zədəli olduqları halda meydanda can qoyurlar. Xüsusilə Urfan Abbasovu qeyd edərdim. Bu zədə ilə kimsə oynamazdı. Amma o, 90 dəqiqə meydanda oldu".
Baxşıyev komandanın kapitanı Asif Məmmədovun əsl lider olduğunu vurğulayıb: "O, nəinki meydanda, məşqlərdə də ən yaxşılardan biridir. Futbolda yaşa yox, oyunçunun durumuna baxmaq önəmlidir. Asif hamıya göstərir ki, bu yaşda da yüksək səviyyədə oynamaq olar".