
"Meydanda olanları hamı gördü. Rəqibin heyətində yaxşı futbolçular var. Öz səhvlərimiz də oldu. Nəticədə böyük hesabla uduzduq. Yaxşı nəticə üçün gözəl oyun sərgiləmək lazımdır. Belə səhvlər etməməliyik".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa səfərdə "Qarabağ"a 0:5 hesabı ilə uduzduqları Premyer Liqanın XVI turunda təxirə salınmış oyundan sonra deyib.
Belaruslu mütəxəssis rəqibin ustalıq səviyyəsinin olduqca yüksək olduğunu bildirib: "Ona görə də əlimizə düşən azsaylı epizodlardan da yararlana bilmədik".
41 yaşlı mütəxəssis "Qarabağ"ın futbolçusu Riçard Almeyda maraqlandığınız futbolçulardandırmı" sualına belə cavab verib: "Hansısa adla bağlı şərh verə bilmərəm. İki oyunumuz qalıb. Mövsümü başa vurmalıyıq. Bundan sonra transferlər barədə danışa bilərik. Belə xəbərləri şərh etməyin mənası yoxdur".