Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, final oyununda son çempion "Qarabağ"la bürünc mükafatçı "Zirə" üz-üzə gəlib.
Qəbələ şəhər stadionundakı qarşılaşmaya Ağdam təmsilçisi daha fəal başlayıb. 10-cu dəqiqədə Marko Veşoviçin zərbəsini "qartallar"ın qapıçısı Anar Nəzirov dəf edib.
"Zirə" görüşün 17-ci dəqiqəsində hesabı açıb. "Qarabağ"ın kapitanı Maksim Medvedevin səhvindən yararlanaraq topu ələ keçirən Coşqun Diniyevin ötürməsindən sonra Hamidu Keyta fərqlənib. Qolun ardından "köhlən atlar" təşəbbüsü daha da ələ alıb. 29-cu dəqiqədə Qara Qarayevin uzaq məsafədən endirdiyi zərbədən sonra top müdafiəçilərə dəyərək qapının yanından keçib.
40-cı dəqiqədə Təmkin Xəlilzadə fərqi daha da artırmağa yaxın olub. Lakin qapıçı Şahruddin Məhəmmədəliyev gözəl qurtarışla bunun qarşısını alıb.
İlk hissə paytaxt klubunun minimal hesablı üstünlüyü ilə bitib. Bölgə təmsilçisi ikinci yarıya da daha aktiv başlayıb. 47-ci dəqiqədə Kadi Borgesin zərbəsindən sonra Anar Nəzirov növbəti dəfə komandasını real qoldan xilas edib. 60-cı dəqiqədə Qara Qarayev uzaq məsafədən fərqlənməyə çalışsa da, top qapının üstündən keçib. Ölçə çempionu 69-cu dəqiqədədə istəyinə çatıb. Abdullah Zubirin uzaq məsafədən qüvvətli zərbəsi qarşısıalınmaz olub. 10 dəqiqə sonra Zubirin yaxın məsafədən endirdiyi təhlükəli zərbədən sonra Nəzirov topu qapı xəttindən çıxarıb. 84-cü dəqiqədə Leandro Andrade "Qarabağ"ı önə keçirməyə yaxın olub. Onun zərbəsindən sonra top qapı dirəyinə dəyərək meydanı tərk edib.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə olunmuş 30 dəqiqədə qapılara qol vurulmadığı üçün penaltilər seriyasına ehtiyac duyulub. Penaltilər seriyasında rəqibinə 4:3 hesabı ilə qalib gələn "Qarabağ" Azərbaycan Kubokunun qalibi olub.
Beləliklə, "köhlən atlar" 7-ci dəfə bu titula sahib çıxıb və ölkə tarixində yeni rekord müəyyənləşdirib. Komandanın baş məşqçi Qurban Qurbanov bu mükafatı ən çox qazanan baş məşqçi adına da yiyələnib - 5.
-------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək.
Sportnet.az-ın məlumatına görə, final oyununda son çempion "Qarabağ"la bürünc mükafatçı "Zirə" üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 19:00-da başlayacaq. Görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Finalçılar Azərbaycan kubokunda ilk dəfə qarşılaşacaqlar. "Qartallar" "köhlən atlar"ın kubokda 39-cu rəqibi olacaq. Ağdam klubu isə qəsəbə təmsilçisi üçün 10-cu rəqibdir.
Yarışın 30 illik tarixində 472 müxtəlif cüt üz-üzə gəlib. "Qarabağ" - "Zirə" cütü bu siyahıda 473-cü olacaq.
Azərbaycan Kuboku
Final
27 may
19:00. "Qarabağ" - "Zirə" - 1:1
Pen: 4:3
Qol: Abdullah Zubir, 69 - Hamidu Keyta, 17
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Ehtiyat köməkçi hakim: Kamran Bayramov
Hakim-inspektor: Frits Ştuxlik
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qeyd edək ki, Azərbaycan Kubokunun son qalibi hələlik "Keşlə" (indiki "Şamaxı") klubu olub.