
"Öncə Rəşad Sadıqovu təbrik edirəm. Həqiqətən ən maraqlı oyunlarımızdan biri oldu. Çox çətinlik çəkdik. Sonadək hücumlarımızın qarşısını ala bilirdilər. Çox yaxşı hazırlaşmışdılar. Bəlkə də, qələbəyə layiq idilər. "Zirə" rəhbərliyinə uğurlar arzu edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Qəbələdə "Zirə"yə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra deyib.
50 yaşlı mütəxəssis daha öz futbolçularını təbrik edib: "Çox əziyyət çəkdilər. Necə başladıqsa, elə də bitirdik. Yaxşı istirahəti haqq edirlər. Bütün futbol camiəsinə minnətdarlığımı bildirirəm".
O, penaltilər seriyasında əvvəlcədən hazırlaşmadıqlarını söyləyib: "İlboyu oyunçular özləri məşqdən sonra qalıb 11 metrlik cərimə zərbələri üzərində çalışırlar. Mən də baxıb özüm üçün qeydlər götürürdüm. Rəqib bərk futbol oynayırdı. Fikirləşirəm ki, futbolçularım bir az ayıldı. Bu matç oyunçularımı silkələdi, daha sərt, mübarizəli oyuna hazırlaşmaq imkanı yaratdı".
Təcrübəli baş məşqçi ağır mövsümdən sonra çox az məşq edəcəklərini vurğulayıb: "İstərdim ki, qarşıdakı günlərdə futbolçuların bütün işlərini yoluna qoyaq və onlar istirahət edə bilsinlər. Təəssüf ki, çox vaxtları yoxdur. Milliyə qoşulmayanların bəlkə 10-12 gün vaxtı olacaq".
O, yeni transferlərin olacağını istisna etməyib: "Bu heyəti qorumağa çalışacağıq. 2 yeni oyunçu cəlb etmək istərdik. Amma bizdən asılı olmayan şeylər var. Hər bir halda axtarışdayıq, danışıqlar gedir. Hələlik heç bir mərkəz müdafiəçisi ilə anlaşmamışıq. İki gün ərzində gedın futbolçularla bağlı hər şeyi konkretləşdirəcəyik".
Qurbanov 5 ildən sonra "Qızıl dubl" etməyin xoş olduğunu deyib: "Həm çempionatda, həm də kubokda iddialı olmuşuq. Bundan sonra da belə olacağıq. Bu, bir daha göstərir ki, kubok başqa prestijdir".
Mütəxəssis Avropada əldə edilən uğurlardan məmnunluğunu ifadə edib: "Ən azı qazandıqlarımızı qorumağa çalışırıq. Hər şeyə real baxmaq lazımdı. Rəhbərliklə ilboyu görüşlərimiz olur. Bəzən rəhbərlikdən və bizdən asılı olmadan istədiklərimizi tam reallaşdıra bilmirik".
O, komandasının geridə qalan mövsümdəki çıxışını 10 ballıq şkala ilə maksimum qiymətləndirib: "Çox əziyyət çəkdilər. Vacib oyunlarda qalib gəldik, futbolçular işlərinə ciddi yanaşdılar. Təkcə uğura yox, çəkdikləri əziyyətə görə onlara 10 bal düşür".
Qurbanov digər rəqiblərə qarşı bir cür, Rəşad Sadıqovun rəhbərlik etdiyi "Zirə"yə qarşı oyunlara başqa cür hazırlaşdığını etiraf edib: "Çünki o, məni daha çox düşünməyə məcbur edir. Bu gün də bütün detalları təhlil etmişdi. Bu, onun bacarığı, böyüklüyü, peşəsinə olan sevgisidir. Çox güclü dostluğumuz var. Bizi dost edən belə işlərdə bir-birimizə güzəştə getməməyimizdir. Rəşad Sadıqova qarşı oynamaq nə qədər xoşdursa, bir o qədər də çətindir. Onun hər bir uğuruna sevinirəm. Rəşadın qarşıda əldə edəcəyi böyük uğurlar çoxdur. Dostlarım üçün heç nəyi gizlətmirəm".
Qeyd edək ki, final matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan "Qarabağ" titula sahib çıxıb.