"Çempionlar Liqasında zəif rəqib yoxdur. "Qarabağ"a hörmətlə yanaşmalıyıq. Həqiqətən çox yaxşı komandadır. Ötən mövsüm Konfrans Liqasında etdiklərini görmüşük. Eləcə də rəqib bizə hörmət etməlidir".
Sportnet.az-ın məlumatına görə, bunu Polşa "Lex"inin baş məşqçisi Con van den Brom evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
Niderlandlı mütəxəssis matça ciddi hazırlaşdıqlarını bildirib: "Bütün futbolçular yaxşı formadadırlar. Azərbaycan çempionuna qarşı 2 oyun keçirəcəyik. Təbii ki, asan olmayacaq".
56 yaşlı baş məşqçi iki komanda arasında bəzi oxşarlıqların olduğunu söyləyib: "Onlar da bizim kimi öz ölkələrinin çempionudur. Yeganə fərq rəqibin baş məşqçisinin uzun müddətdir komandaya rəhbərlik etməsidir. "Qarabağ"ın zəif və güclü tərəflərini bilirik. Ona görə də qarşıdakı matça müxtəlif aspektlərdə hazırlaşırıq. Açıq futbol oynasaq, rəqib bizə problem yarada bilər. Odur ki, balansı qorumalıyıq".
Qeyd edək ki, iyulun 5-də Poznandakı eyniadlı arenada oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.