"Sent-Etyen" klubunun "Qarabağ"dan transfer etdiyi futbolçu İbrahima Vadji Fransa Liqa 2-də debüt edib.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı hücumçunun yeni komandasında ilk oyunu VII turun "Pau" ilə səfər matçına təsadüf edib.
Oyuna ehtiyatda başlayan seneqallı forvard 66-cı dəqiqədə Jan-Filipp Krassonun əvəzinə meydana daxil olub. Həmin vaxt "Sent-Etyen" Etyen Qrinin 64-cü dəqiqədə qırmızı vərəqə almasına baxmayaraq, Lui Mutonun 34-cü dəqiqədə vurduğu qolla öndə olub - 1:0.
Lakin əvəzləmədən cəmi 2 dəqiqə sonra "Pau"nun futbolçusu Anri Seve bərabərlik qoluna imza atıb. Seve 79-cu dəqiqədə "dubl" etsə də, 84-cü dəqiqədə Lenni Pintor penaltidən fərqlənərək, yekun nəticəni müəyyənləşdirib - 2:2.
Bu nəticədən sonra "Sent-Etyen" və "Pau" hərəyə 4 xalla 19-20-ci yerləri bölüşür.
Qeyd edək ki, İbrahima Vadji "Sent-Etyen"lə avqustun 30-da 3 illik müqavilə bağlayıb.