Rusiya Futbol İttifaqı (RFS) Ukrayna millisinin baş məşqçisi Aleksandr Petrakovun diskvalifikasiya olunması üçün UEFA-ya müraciət edib.
Sportnet.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
65 yaşlı mütəxəssis bir müddət öncə Ukrayna ordusunun tərkibində Rusiyaya qarşı vuruşmaq arzusunda olduğunu və ən azı 2-3 əsgər öldürə biləcəyini deyib. Bunu əsas gətirən RFS Petrakovun futbolla bağlı fəaliyyətinə ömürlük qadağa qoyulmasını istəyir.
Qurum hesab edir ki, bu açıqlama Rusiya və Ukrayna arasında siyasi münaqişə fonunda verilib və neytrallığın əsas prinsipini açıq şəkildə pozan mesajdır: "Bundan başqa, Petrakovun davranışını etnik zəmində ictimai nifrətin qızışdırılması və siyasi baxışların tətbiqi üçün futboldan istifadə kimi qiymətləndirmək olar".
Rusiya Futbol İttifaqı bu məsələdə "Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimovun feysbukda paylaşdığı statusa görə 2020-ci ilin noyabrında futboldan ömürlük kənarlaşdırılmasını nümunə göstərib.
RFS-in UEFA-ya müraciətinə münasibət bildirən Ukrayna Futbol İttifaqı ittihamları əsassız adlandırıb.