"Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin IV tur matçını şəmkirli şəhid övladları da izləyəcəklər.
Sportnet.az-ın məlumatına görə, belə bir təqdirəlayiq addımı Şəmkir rayon İcra Hakimiyyəti atıb. İcra Hakimiyyəti şəmkirli şəhid övladlarının "Qarabağ"ı dəstəkləmələri üçün tur təşkil edib.
Şöbə müdiri Elgün Seyidovun Sportnet.az-a verdiyi məlumata görə, tura 4 şəhid valideyini və 21 şəhid övladı qatılıb. Onlar 20-ci sektorda yer alaraq, komandanı pankartla dəstəkləyəcəklər. Seyidov stadiona giriş üçün bilet məsələsində "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadənin dəstək olduğunu bildirərək, klub rəsmisinə təşəkkürünü ifadə edib.
Şəhid ailələri Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin abidəsini, 2-ci Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını da ziyarət ediblər. Ziyarətə vaxtilə Şəmkirdə yaşamış şəhid general Polad Həşimovun ailəsi qatıla bilməyib. İcra hakimiyyəti rəsmisi bunu hazırda həmin ailənin Şəmkirdə yaşamaması ilə əlaqələndirib. Bununla belə, şəmkirli qonaqlar Həşimovun məzarına da baş çəkiblər.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:45-də başlanacaq.