"Oyun gözlədiyimizdən də çətin, gərgin keçdi. Birinci hissədə topla oyunumuz daha yaxşı alınırdı. Yaxşı hücumlarımız var idi, amma sonluğu gətirə bilmirdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XIV tur oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis ikinci hissəyə qonaqların daha aqressiv başladığını bildirib: "Dəqiqələr ötdükcə xüsusilə də sağ cinahdan yüklənirdik. Loris Bronyo ilə Qismət Alıyev yaxşı anlaşırdılar. Qol da oradan gəldi. Çox vacib qələbə qazandıq. Həftə ərzində futbolçuların üzərində təzyiq var idi. Buna baxmayaraq önəmli qalibiyyət əldə etdik. İki həftəlik fasilə var. Sonra kubok matçı, ardınca "Qarabağ"la oyunumuz olacaq. İki gün dincəlib matçlara hazırlaşacağıq".
O, ilk yarıda çətinliklərinin olmadığını söyləyib: "Amma ikinci hissənin əvvəlində oldu. Vingerlərimiz hücumları tam istədiyim kimi yekunlaşdıra bilmirdilər. Amma oyunquruculuğu çox yaxşı idi. Rüstəm Əhmədzadəni heç nədən itirdik. 4 gündür qızdırma içindədir. Felipe Paxtman "Qəbələ" ilə görüşə sağlam çıxdı, bir saat sonra ayağı şişməyə başladı. İkinci hissədə oyunu gücləndirmək istəyəndə itkilər özünü daha qabarıq şəkildə göstərdi. Amma meydana çıxanlar sona kimi əllərindən gələni etdilər".
Baş məşqçi oyun vaxtı rəqib komandanın kapitanı Rahid Əmirquliyevlə arasındakı insidentə də toxunub: "Birinci, o, bizə etiraz etdi. Mən də dedim ki, sənin bizim skamyaya dönüb nəsə deməyin düzgün deyil. Rahidlə 15-20 ilin dostuyuq. Başqa şey ola bilməz. Etiraza gəldikdə isəmüzakirə edirik. O da etiraz sayılır? 4-cü hakimlə arada dialoqa girirdik".
Sadıqov XV turda "Qarabağ"a qarşı keçirəcəkləri görüşdən də söz açıb: "Hər rəqib "Qarabağ"la oyuna öncə psixoloji cəhətdən hazır olmalıdır. Bu, tək bizim daxili çempionata aid deyil. Beynəlxalq arenada da görürük ki, rəqiblər "Qarabağ"la matça xüsusi hazırlaşırlar. Amma öncə kubokda çox vacib 1/8 final görüşü olacaq".
Sadıqov zədəli futbolçuların durumunun ciddi olmadığını vurğulayıb: "Amma bu periodda 2-3 həftə məşqləri qaçırıb, sonra yenidən hazır olmaları vaxt alacaq. Kubok matçından sonra komandanı 4-5 gündən bir oyunlar bizi gözləyir. Həmin dövrdə geniş heyətə ehtiyacım olacaq. Hər futbolçunun sağlamlığı bizim üçün önəmlidir".
O, qapıçı Mehti Cənnətova güvəndiyini növbəti dəfə dilə gətirib: "Bu gün rəqib "Neftçi" və "Qarabağ" olsaydı belə, qapıda yenə Cənnətovu görəcəkdik. "Qəbələ" ilə oyundakı bir az taktiki səhv idi. Keçən dəfə də bildirdim ki, bu, daha çox Ülvi İsgəndərlinin ustalığı idi. Bəlkə də çempionatımızda 10 ildə bir baş verəcək hadisədir. O da bizim başımıza gəldi. Mehdi "Qəbələ" ilə oyunu çox yaxşı keçirmişdi".
Sadıqov bu mövsüm üçün hədəflərini də açıqlayıb: "3-4-cü yerlər uğrunda mübarizə aparacağımız görünür. Bu baxımdan bugünkü "Neftçi" - "Qəbələ" matçı da həlledici olacaq. "Neftçi" qələbə qazansa, 3-4-cü yerlər uğrunda mübarizə aparan komandalar bir az qopacaq. Amma futboldur. "Sabah"ın 13 tura topladığı xal son 13 ildə çempionluq xalıdır. Sadəcə olaraq bu ilə "Qarabağ" 13/13 edib. Ötən illərə boylansaq, nə "Qarabağ", nə "Neftçi" 13 turdan sonra bu qədər xal toplayıb. "Sabah"la "Qarabağ" çox ambisiyalıdır. "Neftçi" də hansı vəziyyətdə olursa-olsun, hər zaman çempionatda favoritdir. Bu "üçlük" səviyyəcə digər komandalardan fərqlənir. Futboldur, sona kimi mübarizə aparacağıq. Hazırda bizim üçün 4-cü yer çox önəmlidir. Geridə olan komandalardan biri kuboku qazanmasa, 4-cü yerdə Konfrans Liqasına vəsiqə verir. Hər şeyi düzgün təhlil etməyə çalışırıq. Bizim üçün ilk məqsəd Konfrans Liqasına vəsiqə qazanmaqdır. Təbii ki, medal da olsa, bu, əlavə qazancdır. Hələ qarşıda çox oyun var. Qış fasiləsini komandaların necə keçirəcəyi çox önəmlidir. Çempionatın nəticəsinə təsir edəcək amillər olacaq".
Mütəxəssis noyabrın 13-də keçiriləcək "Sabah" - "Qarabağ" görüşünün çempionluğun taleyini həll etməyəcəyini qeyd edib: "Amma böyük üstünlük yarana bilər. Mən özüm bir azarkeş kimi səbrsizliklə bu oyunu gözləyirəm. Hər iki komanda möhtəşəm performans göstərir. Bu komandalar çempionatımıza rəng qatır. "Neftçi"ni də mübarizədən silməyə tələsmək olmaz. "Ağ-qaralar" şəxsən mənim çox xoşuma gəlir. Məncə, bu üç komanda arasında sona qədər gərgin mübarizə gedəcək. Sabah gözəl oyuna azarkeşlik edəcəyəm".