"Şamaxı" klubunun qapıçısı Rəşad Əzizlinin Sportnet.az saytına müsahibəsi
- Hazırda komandanız 11 xalla turnir cədvəlində yeddinci yeri tutur. Bu göstərici sizi qane edirmi?
- Məqsədimiz hər kəsə bəllidir, düz yol tutmuşuq. Belə baxanda hər kəs üst pillələrdə qərarlaşmaq istəyir. Bildiyiniz kimi gənc heyətimiz var. Klubun məqsədi də budur ki, gənclərə şans verilsin. Artıq son turlarda görürük ki, gənclər çox inkişaf edir, biri-birindən gözəl qollar vurur. Düşünürəm ki, gələcəkdə daha da uğurlu çıxış edəcəyik. Buna inanmaq lazımdır.
- Bu heyətlə maksimum nəyə nail olmaq olar?
- Bilirsiniz, "Şamaxı" gəncləri ətrafına yığmaqla, onlara şans verməklə birbaşa Azərbaycan futboluna müsbət təsir göstərəcək. Bu klubda uğurlu çıxış edən futbolçuları hər bir komanda transfer etmək istəyəcək. Ümumiyyətlə klub rəhbərliyi elə mehriban kollektiv qurub ki, uğur qazanacağıq.
- Klubda maaşlar tez-tez gecikir?
- Bu yöndə ciddi problem yoxdur, hər şey qaydasındadır. Ola bilər ki, arada bir neçə gün gecikib, amma bunu problem səviyyəsinə qaldırmağa ehtiyac yoxdur. Hər şey öz axarında gedir.
- Bölgədə futbol oynamaq çətin deyil?
- Xeyr, niyə çətin olsun? Şamaxı inkişaf etmiş şəhərdir, hər şey var. Özümüz də bura öyrəşmişik. Azarkeş dəstəyi var, buradan azarkeşlərə də təşəkkür edirəm. Ümumiyyətlə, yaxşı futbol ab-havası var.
- Növbəti turda "Sabah"la oyun var. Oyun haqqında nə düşünürsünüz?
- "Sabah" çox ciddi rəqibdir, turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Oyun çətin olacaq, amma meydana çıxıb maksimum nəticə qazanmağa çalışacağıq. Azarkeşləri sevindirmək istəyirik.
- Bu yaxınlarda "Səbail" klubunun əməkdaşlarının biri ilə söhbət edərkən dedi ki, Mahmud Qurbanov sizi komandada saxlayacağına söz vermişdi, amma sonra fikrini dəyişdi...
- Mahmud Qurbanov "Səbail"ə keçəndə məndən soruşdu ki, "Neftçi"dən icarə əsas bura gələ bilərsənmi? Bildirdi ki, mən səni komandamda görmək istəyirəm. Mən də öz növbəmdə razılaşdım. Söhbətin üstündən xeyli zaman keçdi, amma Qurbanov sözünün üstündə durmadı.
- Ona "Səbail"də oynamaq istədiyinizi bildiridniz?
- Xeyr, demədim, belə şey fikrimdən keçməyib. Zəng edib xahiş edəsi deyildim ki, məni komandaya dəvət et (gülür).
- Öz oyunun haqqında nə deyə bilərsiniz?
- Məşq edirəm, üzərimdə çalışıram. Başqa nə deyim? (Gülür)
- Yenə də milliyə dəvət almadın. Canni De Biyazinin sizinlə ədavəti var?
- Düşünmürəm, qərəz olsun, çünki nə vaxtsa hörmətsizlikdir etməmişəm. Amma dəvət gözləyirdim. Mən milli üçün meydanda can qoymağa hazıram. Rəqabətdə də kiməsə uduzduğumu düşünmürəm. Fiziki və praktiki cəhətdən tam hazıram. De Biyazinin gözəl sözü var ki, millinin qapısı hər kəsin üzünə açıqdır. Mən də öz növbəmi gözləyirəm. Sübut edərəm ki, milliyə layiqəm. Yaxşı mövsüm keçirirəm, niyə də dəvət almayım?!