
"Demək olar ki, bu gün rəqibdən tamamilə üstün idik. "Şamaxı"nın təhlükəli epizodu yox idi. Təəssüf edirəm ki, bu gün qələbə qazana bilmədik. 10 nəfərlə qalmağımıza baxmayaraq matç bizim nəzarətimiz altında idi. Qələbə qazanmamışıqsa, günahı özümüzdə axtarmalıyıq. 25-ci dəqiqədə lazımsız hərəkətə görə qırmızı vərəqə gördük. Hazırda ikili hisslərim var. Komandaya ikinci hissədəki oyuna görə təşəkkür edirəm. Amma bu cür görüşlərdə 3 xal qazanmalıyıq".
Sportnet.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev evdə "Şamaxı" ilə 11 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının XVI tur oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, müdafiə olunan komandalara qarşı oynamaq çox çətindir: "Belə matçlarda əlinə düşən fürsətləri dəyərləndirmirsənsə, günahkar özünsən".
O, həm qol vuran, həm də qırmızı vərəqə görən Kristian Sebalyosla bağlı da danışıb: "Qəhrəmanlıq barədə heç nə deyə bilmərəm. Əgər oyun epizodunda qırmızı vərəqə alsaydı, nəsə demək olardı. Nizam-intizamı pozub belə qırmızı vərəqə görürsənsə, qəhrəmanlıqdan söhbət gedə bilməz. Çünki, ona görə bu gün 2 xal itirdik.
M.Musayev dünən "Neftçi"nin "Qarabağ"a 0:4 hesablı məğlubiyyətinin futbolçularında arxayınlıq yaradıb-yaratması ilə əlaqədar deyib: " Qələbə seriyalarından sonra peşəkarlıq ortaya çıxır. Əgər iddiamız varsa, avrokuboklara getmək uğrunda oynayırıqsa, peşəkarlığı heç vaxt unutmamalıyıq. Bu gün motivasiyanın çatmadığını deməzdim. Amma səhvlər etdik.
O, "Şamaxı" ilə görüşdə zədələnən futbolçusu Aleksey İsayevin durumu haqda da danışıb: "Heç nə deyə bilmərəm. Tibbi müayinədən sonra durumu aydın olacaq".