
"Hər oyundan sonra məni göndərib, yeni baş məşqçi gətirirlər".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail" klubunun baş məşqçisi Mahmud Qurbanov səfərdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis bildirib ki, bu cür xəbərlərin haradan çıxdığı onun üçün də maraqlıdır: "Hərdən elə gəlir ki, kənardan bəzi şəxslər komandaya bizdən çox canfəşanlıq edir, bəzi şeyləri qabardırlar. Məlumatları oxuyuram və qəribə gəlir ki, həqiqətən belə şeylər olur? Bəzi insan narahatdırlar. Biz isə öz işimizə baxırıq".
O, kubok matçlarının hər zaman fərqli keçdiyini söyləyib: "Bu gün bir daha bunun şahidi olduq. Komandamız kubokda çox yaxşı təsir bağışlayır. 3 oyunda da qələbə qazanmışıq. Güclü rəqibi mübarizədən kənarlaşdırdıq. Futbolçulara təşəkkür edirəm, belə davam etmək lazımdır. Qarşıdakı matçlarda da qələbə üçün çalışacağıq. Klub tarixində ilk dəfə yarımfinala yüksəldik".
Qurbanov oyun ərzində əvəzetmə etməməsinin səbəbini belə izah edib: "Ehtiyac duymadım. Cabir Əmirlinin ağrıları var idi, buna baxmayaraq sona qədər oynadı".