
"Əlbəttə, çətin oyun idi. Rəqibin dünənki nəticələrdən sonra aqressiv olacağını bilirdik. Təəssüf ki, qalib gələ bilmədik, bir xal qazandıq".
Sportnet.az xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov evdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının XXIX tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
42 yaşlı mütəxəssis 6 oyundur qalib gələ bilməmələrinin səbəbinin sadə olduğunu bildirib: "Futbolçularımız çalışdı, ilk hissədə hücumda keçirdik. Rəqibin kompakt müdafiə olunduğunu və sürətli hücumlara çıxdığını bilirdik. 6 oyundur qalib gələ bilməməyimizin səbəbi sadədir. Digər komandalarda da belə hallar olur. Əsas hədəf Premyer Liqada yerimizi qorumaq idi. Bəlkə də bununla bağlı arxayınlıq yaranmışdı".
Abbasov oyunun sonlarında istefa şüarlarına belə reaksiya verib: "Azarkeş sərbəstdir. Amma bilmirəm "Turan Tovuz"dan nə istəyirlər? Komandaya inamı biz qazanmışdıq. Bu gün qarşımıza qoyulan məqsədlərə çatmaq istəyirik. Komandanı çətinliklə yığmışıq, öz oyun üslubumuzu yeritməyə çalışırıq. Yayda komandaya gəlmək istəyənlər yox idi. Azarkeşlər səbirli olsunlar. Bu gün Ayxan, ya başqası olsun. Yerimizi tutub saxlamamışıq".